AZ

Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstanda keçirilən "New Silk Way" (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində "Avrasiya məkanında dəmiryol infrastrukturunun inkişafı" adlı panel müzakirələrində iştirak edib.

Olaylar "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, Müzakirələrdə Orta Dəhliz, liman və dəmir yollarının inteqrasiyası, texnoloji modernləşdirmə və tranzit imkanlarının artırılması kimi mövzular müzakirə olunub.

ADY sədri bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xətti olaraq regional nəqliyyat sistemində mühüm rol oynayır. BTQ və Zəngəzur dəhlizi birlikdə regionun tranzit imkanlarını artıraraq ticarət axınlarını dəstəkləyən vahid şəbəkə yaradacaq.

ADY-nin cari yükdaşıma göstəricilərinə toxunan sədr bu ilin 9 ayı ərzində Çindən Orta Dəhliz vasitəsilə 296 blok-qatarın, o cümlədən 113 tranzit qatarın qəbul edildiyini vurğulayıb və bu rəqəmin ötən ilin eyni dövrünün göstəricisini (213 qatar) əhəmiyyətli dərəcədə üstələdiyini qeyd edib.

Bu ilin fevralında Bakı Limanının ADY-yə birləşdirilməsi ilə regional yükdaşımalar üçün perspektivlərin daha da genişləndiyini diqqətə çatdırıb və bu inteqrasiyanın tranzit müddətini və əlavə logistik xərcləri azaltdığını, yükdaşımaların sürət və rəqabətqabiliyyətini artırdığını bildirib.

Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri Rövşən Rüstəmov, Talqat Aldıbergenov və Laşa Abaşidze Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca darboğazların aradan qaldırılması haqqında Yol Xəritəsini imzalayıblar.

Sənədə əsasən, darboğazların aradan qaldırılması üçün infrastrukturun yaxşılaşdırılması, hərəkət tərkiblərinin yenilənməsi və əməliyyat prosedurlarının optimallaşdırılması, eləcə də Orta Dəhlizin inkişafı məqsədilə 3 ölkə arasında koordinasiyanın gücləndirilməsi, infrastruktur və əməliyyat səmərəliliyinin davam etdirilməsi və artan yük həcmlərinə hazır olmaq prioritet istiqamətlər kimi müəyyən edilib.

Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində, həmçinin 28-ci Qazaxıstan Beynəlxalq "Nəqliyyat və Logistika" Sərgisi keçirilir. Sərgidə Qazaxıstan, Azərbaycan, Türkiyə, BƏƏ, Almaniya, Çin, Latviya, Estoniya, Hindistan, Rusiya və Belarusdan olan şirkətlər iştirak edir. ADY sərgidə ayrıca stendlə təmsil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
23
olaylar.az

10Mənbələr