AZ

AIIB-in Bakı Metropoliteninə ayıracağı kreditin xərclənmə istiqamətləri açıqlanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) "Bakı Metropoliteni" QSC-nin maliyyələşdirməsi birinci mərhələdə "Yaşıl xətt"in tam potensialını üzə çıxartmağa yönələcək.

Bunu "Report"a müsahibəsində AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə müştəriləri üzrə Baş İnvestisiya Direktoru Konstantin Limitovski bildirib.

Onun sözlərinə görə, AIIB Nəqliyyat İnfrastrukturunun İnkişafına dair Dövlət Proqramını həyata keçirmək məqsədi ilə Bakı Metropoliteni və Azərbaycan hökuməti ilə birgə işləyir: "Bu yalnız yeni xətlərin çəkilməsi demək deyil, biz həmçinin hökumətin Bakı sakinlərinin indiki və gələcək nəsilləri üçün təhlükəsiz və əlçatan nəqliyyat imkanlarını yaratmaq səylərini tam dəstəkləyirik".

Bankın Baş İnvestisiya Direktoru bildirib ki, əməkdaşlıq çərçivəsində 1 milyard ABŞ dollarına qədər dövlət zəmanəti ilə təmin edilmiş maliyyələşdirmə nəzərdə tutulur və birinci mərhələ "Yaşıl xətt"in tam potensialını üzə çıxartmağa yönələcək.

"Biz "Dərnəgül" və "Xocasən" depolarının genişləndirilməsi və tamamlanmasını hədəfə qoyaraq başladıq ki, bu da metro sisteminin ötürmə qabiliyyətini artıracaq və daha çox sərnişinə etibarlı xidmət göstərməyə imkan verəcək. Bundan əlavə, biz havanın təmizliyinə, stansiyaların təhlükəsizliyinə və perronların rahatlığına sərmayə qoymağı planlaşdırırıq, çünki hər səyahət hər bir sərnişin üçün inklüziv və keyfiyyətli təcrübə təmin etməlidir. Birinci mərhələdə həmçinin "Yaşıl xətt" üzrə bir sıra stansiyaların yenilənməsi, onların daha rahat və davamlı vəziyyətə gətirilməsi da nəzərdən keçirilir. İkinci mərhələdə isə dəstəyimiz daha da genişlənəcək. "Yaşıl xətt" "Xətai" stansiyasından "Həzi Aslanov" stansiyasınadək uzadılaraq insanları birləşdirəcək, yollarda tıxacları azaldacaq və Bakının dayanıqlı şəhər inkişafı modelinə transformasiyasına töhfə verəcək. Bəli, bu mobillikdir, lakin eyni zamanda bu, gənc nəsillər üçün yeni imkanların yaradılması deməkdir", - K. Limitovski vurğulayıb.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Seçilən
12
50
demokrat.az

10Mənbələr