AZ

Azərbaycanın şirin su məsələsi təhlükə ilə üzləşib - strateji problem...


Azərbaycan coğrafi mövqeyinə görə zəngin təbii sərvətlərə malik olsa da, şirin su ehtiyatları baxımından məhdud resurslu ölkələrdən biridir. Ölkənin illik şirin su ehtiyatlarının böyük qismi transsərhəd çaylardan asılıdır.

Bu ehtiyatların həm iqlim dəyişmələri, həm də antropogen təsirlər nəticəsində azalması isə ciddi sosial, iqtisadi və ekoloji problemlər yaradır. Hər halda Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun dedikəri də bu qənaəti gücləndirir.

Onun sözlərinə görə, iqlim dəyişikliyi dünyada ərzaq təhlükəsizliyi, enerji, səhiyyə və sosial rifahla sıx bağlı olan ən böyük çağırışlardan biridir: “Azərbaycan ötən il “Qida resurslarından səmərəli istifadə üzrə Milli Strategiya”nı qəbul edib. Bu sənəd növbəti 16 il üçün ölkənin idarəetmə və infrastrukturunu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmağı, innovasiyaların miqyaslandırılmasını və su ehtiyatlarının davamlı istifadəsini təmin etməyi nəzərdə tutur. 1980-ci ildən bəri Azərbaycanın şirin su ehtiyatları təxminən 25 faiz azalıb. Bu, proqnoz deyil, real faktlardır. Bununla yanaşı, hələ də şəbəkədə səmərəsizliklər qalmaqdadır. Əhalinin yalnız təxminən üçdə biri müasir tullantı suları təmizləmə xidmətlərinə çıxış imkanına malikdir. Bu çağırışlar görməməzlikdən gələ bilməz”. Zaur Mikayılovun sözlərinə görə, yeni strategiya bu problemlərə hərtərəfli cavab verir: "Buraya real vaxt rejimində monitorinq, şəffaflığı və hesabatlılığı təmin edən müasir su-informasiya sisteminin qurulması, şəhərlərdə tullantı sularının azaldılması, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması və təmizlənmiş tullantı sularının istifadəsinin genişləndirilməsi daxildir. 2030-cu ilə qədər biz kənd təsərrüfatı su tələbatının 95 faizini daha səmərəli yollarla ödəməyi, əhalinin 90 faizini təhlükəsiz içməli su ilə təmin etməyi planlaşdırırıq. 2040-cı ilə qədər isə tam əhatə təmin olunacaq ki, hər bir insan, kənd təsərrüfatı və sənaye ekoloji risklər olmadan inkişaf edə bilsin”. Zaur Mikayılov onu da əlavə edib ki, yaxın illərdə Azərbaycanda yeni su anbarlarının yaradılması, duzsuzlaşdırma layihələrinin sınaqdan keçirilməsi və sağlam çay-ekosistemlərinin qorunması istiqamətində genişmiqyaslı proqramlar icra olunacaq: “Su siyasəti iqlim siyasətidir. Biz bu prosesdə texnologiya, maliyyə və institusional əməkdaşlığa açığıq. Regional əməkdaşlıq çərçivəsində təhlükəsiz su idarəetməsi modeli quraraq iqtisadiyyatın inkişafına, təmiz çaylara və səmərəli suvarmaya nail ola bilərik”. Azərbaycanın ümumi şirin su ehtiyatlarının təqribən 70 faizi ölkə sərhədlərindən kənarda formalaşır. Kür və Araz çaylarının mənbəyi qonşu dövlətlərdə yerləşir və onların gətirdiyi su həcmi Azərbaycanın su balansında həlledici rol oynayır. Son illərdə isə qonşu ölkələrdə tikilən su anbarları, suvarma sistemləri və iqlim dəyişikliyi nəticəsində yağıntıların azalması bu çayların sularının azalmasına səbəb olur. Bunun nəticəsində Azərbaycan daxilində həm kənd təsərrüfatı, həm də içməli su təminatı sahəsində problemlər yaranır.

Azərbaycan kənd təsərrüfatı əsasən suvarmaya əsaslanır. Ölkənin aran bölgələrində taxılçılıq, pambıqçılıq, tərəvəzçilik və bağçılıq kimi sahələr suya çox tələbatlıdır. Su ehtiyatlarının azalması məhsuldarlığın aşağı düşməsinə, əkin sahələrinin şoranlaşmasına və kənd təsərrüfatı istehsalının bahalaşmasına gətirib çıxarır. Bu isə ərzaq təhlükəsizliyi baxımından risk yaradır. Su qıtlığı nəticəsində bəzi bölgələrdə kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial vəziyyəti də çətinləşir. Şirin su ehtiyatlarının azalması birbaşa olaraq içməli su təchizatında problemlərə yol açır. Xüsusilə Abşeron yarımadasında və paytaxt Bakıda əhalinin artması fonunda içməli suya olan tələbat durmadan artır. Kür çayının suyunun azalması və çirklənməsi içməli suyun keyfiyyətinə də mənfi təsir göstərir. Nəticədə yeni su mənbələrinin axtarışı, dərin artezian quyularının qazılması və əlavə su anbarlarının yaradılması zərurəti yaranır. Su ehtiyatlarının azalması ekosistemlərə də ciddi təsir göstərir. Xəzər dənizinə tökülən çayların suyunun azalması onun ekoloji balansına zərbə vurur. Həmçinin çaylarda suyun azalması balıqçılığa, su-bataqlıq ərazilərin qurumasına və bioloji müxtəlifliyin məhv olmasına gətirib çıxarır. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğaldan azad edilməsindən sonra həmin ərazilərdə də su ehtiyatlarının bərpası və ekoloji tarazlığın təmin olunması aktual məsələyə çevrilib. Son illərdə iqlim dəyişikliyi nəticəsində Azərbaycanın müxtəlif bölgələrində yağıntıların qeyri-bərabər paylanması müşahidə olunur. Qış aylarında qar örtüyünün azalması, yayda isə temperaturun kəskin artması çayların səviyyəsinə və yeraltı sulara mənfi təsir göstərir. Bu, həm də kənd təsərrüfatında suya tələbatı artırır və ümumi balansı daha da gərginləşdirir. Problemin aradan qaldırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir: Suvarmada müasir damcılı və yağmurlama sistemlərinin geniş tətbiqi; Yeni su anbarlarının tikintisi və mövcudlarının bərpası; Su itkilərinin azaldılması üçün infrastrukturun yenilənməsi; Əhalinin suya qənaət etməsi üçün maarifləndirici tədbirlər; Transsərhəd çaylardan istifadədə beynəlxalq hüquqi mexanizmlərin gücləndirilməsi. istənilən halda görünən odur ki, Azərbaycanın şirin su ehtiyatlarının azalması ölkə üçün strateji problemə çevrilir.

Ramil QULİYEV

Seçilən
104
45
baki-xeber.com

10Mənbələr