AZ

Qurban Qurbanov: "Futbolçular rəqibdən çəkinmədilər"

"Qarabağ"ın futbolçuları "Kopenhagen"dən çəkinməyiblər.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri (2:0) UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Futbolçuları və azarkeşləri təbrik edirəm. Bu gün meydanda birlikdə idilər. Gözəl qalibiyyət əldə etdik. Oyunçular rəqibdən çəkinmədilər, mübarizə apardılar. Bu cür mübarizə aparmaq qarşıdakı matçlarda faydalı olacaq. Rəqibimizə uğurlar arzulayıram. Onlar da yaxşı görürlər. Pozitiv komandadır".

Qurbanov hər zaman qələbəyə inandıqlarını söyləyib:

"Bu mövsüm avrokuboklarda daha yaxşı nəticəyə ümid edirdim. Həmişə inamla işləyirəm. Bu, mütləq olmalıdır. Birimiz qorxsaq, çəkinsək, uğur qazana bilmərik. İnamsız meydana çıxsaq, məğlub olarıq. Bəlkə də, iki turda altı xal gözləmirdim, amma inanırdım. Cənab Prezident İlham Əliyev də bizi təbrik edib. Ona təşəkkür edirəm. Bu, məsuliyyətimizi daha da artırır".

O, avrokuboklardakı təcrübələrinin də böyük rol oynadığını vurğulayıb:

"Uğur olan yerdə diqqət, təbriklər, xoş sözlər daha çox olacaq. Bu bizi yanıltmalı deyil. Bəzən uğursuzluq da ola bilər. Türkiyənin, qardaş ölkənin bizə dəstək olması bizi sevindirir. Mən də "Qalatasaray" klubunu qələbə münasibətilə təbrik edirəm".

Baş məşqçi gələcək hədəfləri barədə danışıb:

"Həyatda çox şey istəyə bilərik. "Qarabağ" mənim məşqçi kimi formalaşmağımda ən böyük silah olub. Bu komandanın adı məni yorulmağa, inamsız olmağa qoymadı. Hədəfimiz stabilliyi saxlamaq idi. Uğurun gələcəyini bilirdik. Futbolçulardan həmişə əsgər kimi vuruşmağı tələb etmişəm. Çox nadir hallarda komanda yorğun olub və istədiklərimizi edə bilməyib. Böyük və iddialı klublar da bəzən büdrəyirlər. Hamı inkişaf edir, yenilik axtarır".

Seçilən
4
5
far.az

10Mənbələr