AZ

Çin Nokia və Ericssonun texniki avadanlıqlarından imtina edir

Pekin kritik texnoloji infrastrukturu Qərbdən ayırmağa çalışır...

Poliqon xəbər verir ki, Çin hakimiyyəti Avropanın aparıcı telekommunikasiya nəhəngləri Nokia və Ericsson-un avadanlıqlarının ölkə şəbəkələrində istifadəsini məhdudlaşdırır. Financial Times nəşri yazır ki, prezident Si Cinpin kritik texnoloji infrastrukturun Qərbdən ayrılması siyasətini davam etdirir. Bununla yanaşı, Çinli Huawei şirkəti hələ də Avropada fəaliyyətini genişləndirməkdədir.

Məlumata görə, dövlət dəstəyindən yararlanan Çin şirkətləri, o cümlədən mobil operatorlar, artıq xarici sifarişləri daha ciddi təftişə göndərirlər. Bu məqsədlə Ericsson və Nokia ilə bağlanan müqavilələr Çin Kiberfəzada Milli Təhlükəsizlik İdarəsinin yoxlamasına təqdim olunur. Yoxlama müddəti üç ay və ya daha artıq çəkə bilər. Hətta yekunda Avropa şirkətləri təsdiq alsalar belə, uzun və qeyri-müəyyən prosedurlar onları Çinli rəqibləri qarşısında zəif mövqeyə salır.

Analitiklərin qiymətləndirməsinə əsasən, bu siyasət nəticəsində Ericsson və Nokia-nın Çin mobil rabitə bazarındakı ümumi payı 2020-ci ildəki 12%-dən 2024-cü ildə təxminən 4%-ə enib. Hər iki şirkət Çində gəlirlərin azalmasını təsdiqləyib.

Ekspertlər hesab edirlər ki, bu addım Pekinin Qərb texnologiyalarına asılılığı minimuma endirmək, yerli istehsalçıları gücləndirmək və uzunmüddətli texnoloji müstəqillik əldə etmək strategiyasının tərkib hissəsidir.

Poliqon.info

Seçilən
103
poliqon.info

1Mənbələr