AZ

Kreditlərlə bağlı mühüm xəbər: Yaxın aylarda...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda fiziki şəxslərə verilən kreditlərin orta faizi 16.9 faizə yüksəlib. Bu da son illərin ən yüksək göstəricisidir. İlin əvvəlində bu rəqəm 16.3 faiz olub.

Kredit faizləri bundan sonra da yüksələ bilərmi? Bunun qarşısını almaq üçün hansı alternativ mexanizmlər tətbiq oluna bilər?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda kredit faizlərinin artmasına təsir edən əsas amillər var:

“İnflyasiya yüksək olduqda Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini artırır. Bu da bankların borclanma xərclərini yüksəldir və kredit faizlərinə təsir edir. Eyni zamanda fiziki şəxslərə verilən kreditlərdə risk yüksək sayıldığı üçün banklar əlavə faiz tətbiq edir. Ölkədə bank olmayan kredit təşkilatları və digər alternativ maliyyə mənbələri hələ də məhduddur. Belə durum faizlərin enməsinə mane olur. Ona görə yaxın aylarda inflyasiya yüksək qalsa və AMB sərt pul siyasətini davam etdirsə, faizlərin bir qədər də artması mümkündür”.

Akif Nəsirli

İqtisadçı bildirib ki, yüksək faizlərin qarşısını almaq üçün alternativ mexanizmlər tətbiq edilməlidir:

“Məsələn, dövlət müəyyən kredit növlərinin faizinin bir hissəsini qarşılaya bilər. Həmçinin kiçik və orta bankların bazara giriş imkanları artırılarsa, rəqabət nəticəsində faizlərin enməsi mümkündür. Eyni zamanda vətəndaşların kredit tarixçəsi daha şəffaf və geniş olsa, risk azalar və faizlər düşər. Hazırda kreditlərin çoxu qısamüddətlidir. Uzunmüddətli sabit faizli məhsullar həm vətəndaş, həm də bank üçün riskləri azalda bilər. Depozit faizləri artdıqca kredit faizlərinin də artması təbii haldır. Amma dövlətin müəyyən vergi güzəştləri və ya stimullar tətbiq etməklə bu balansı yumşaltma imkanı var”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
globalinfo.az

1Mənbələr