ain.az, Axar.az saytına istinadən bildirir.
Kreditlərin və pul öhdəliklərinin gecikdirilməsi zamanı əsasən cərimə faizləri nəzərdə tutulur. İstehlak kreditlərində cərimə faizinin yuxarı həddi qanunla 5 faizlə məhdudlaşdırılıb. Yəni maliyyə qurumu borcalana bundan artıq cərimə tətbiq edə bilməz.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli kredit borclarında gecikmələr zamanı tətbiq olunan cərimələrdən danışarkən deyib.
Ekspert bildirib ki, biznes kreditləri və digər qeyri-istehlak kreditlərində vəziyyət fərqlidir:
“Əgər müqavilədə xüsusi cərimə faizi göstərilməyibsə, Mülki Məcəlləyə əsasən bu halda Mərkəzi Bankın uçot dərəcəsinə əlavə 2 faiz müəyyən edilir. Hazırda uçot dərəcəsi 7 faizdir, buna 2 faiz əlavə olunmaqla cərimə 9 faizə qədər ola bilər. Lakin ümumi qayda olaraq cərimə 5 faizdən az olmamalıdır. Əgər gələcəkdə uçot dərəcəsi azalsa belə, minimum 5 faiz cərimə qüvvədə qalır”.
Onun sözlərinə görə, sadə borc müqavilələrində də oxşar qaydalar tətbiq olunur:
“Əgər müqavilədə faiz göstərilməyibsə, maksimum 5 faiz cərimə nəzərdə tutula bilər. Amma biznes kreditlərində və sadə borc müqavilələrində tərəflər daha yüksək faiz üzərində razılaşa bilirlər. Bu halda müqavilədə göstərilən faiz əsas götürülür”.
Xalid Kərimli istehlak kreditləri ilə bağlı əlavə məqamı da diqqətə çatdırıb:
“Burada cərimə faizinin yuxarı həddi 5 faiz olaraq qalmaqla, bu faiz hesablamaları yalnız 180 gün müddətində tətbiq edilə bilər. Yəni vətəndaş ödənişini gecikdirirsə, maksimum 180 gün əlavə 5 faiz ödəyir. 181-ci gündən sonra artıq yeni cərimə hesablanmır. Amma borcalan bilməlidir ki, əsas kredit faizi ilə yanaşı, bu cərimə də borcu artırır. Nəticə etibarilə, bu cərimə faizləri əsas kredit faizlərinə əlavə olunur. Ona görə də borcalanlar bilməlidir ki, öhdəliklərini vaxtında yerinə yetirmədikdə həm kredit faizləri, həm də cərimə faizləri hesabına borcları daha da artmış olur”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.