AZ

Müasir Azərbaycanın dinamik inkişafı 3 oktyabr 1993 cü ilən etibarən başlayır

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

3 oktyabr 1993-cü il Azərbaycan tarixində dövlətçilik ənənələrinin qorunması və müstəqilliyimizin əbədiliyinin təmin olunması baxımından əvəzsiz tarixi hadisədir. Həmin gün ümummilli lider Heydər Əliyev ümumxalq seçkilərində böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə ilə ölkə xalqının taleyində dönüş baş verdi, Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi qarşısında yeganə xilası təmin olundu. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illəri son dərəcə ağır sınaqlarla müşayiət olundu. Hakimiyyət uğrunda mübarizə, siyasi böhran, idarəetmədə qeyri-sabitlik, cəbhədə məğlubiyyətlər, Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, iqtisadiyyatın dağılması, vətəndaşların həyat şəraitinin pisləşməsi ölkəni dərin uçuruma sürükləyirdi. Ölkədə daxili separatçılıq meylləri güclənmiş, vətəndaş müharibəsi təhlükəsi real həddə çatmışdı. Xalq gələcəyə inamını itirmək üzrə idi. Belə bir ağır məqamda xalqın yeganə ümidi ulu öndər Heydər Əliyevin siyasi iradəsinə yönəldi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev Bakıya dəvət edildi. O, Milli Məclisin sədri seçildikdən sonra qısa zamanda dövlət idarəçiliyinə sabitlik gətirdi, cəmiyyətin müxtəlif təbəqələri arasında milli həmrəyliyin əsasını qoydu. Ölkə vətəndaş müharibəsindən xilas oldu. Xalqın ona olan etimadı və dəstəyi 3 oktyabr 1993-cü il seçkilərində öz əksini tapdı. Seçkilərdə ümummilli lider Heydər Əliyev böyük səs çoxluğu ilə Prezident seçildi və Azərbaycanın müstəqil dövlət kimi qorunması, gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. İlk növbədə nizami ordu quruculuğu həyata keçirildi, ölkənin təhlükəsizlik sistemi formalaşdırıldı. Xarici siyasətdə balanslı kurs götürüldü, dünya dövlətləri ilə diplomatik münasibətlər genişləndirildi. Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artdı. 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi” ölkənin iqtisadi gələcəyinin bünövrəsini qoydu, Azərbaycanı dünya enerji xəritəsində mühüm strateji mərkəzə çevirdi. 1995-ci ildə qəbul olunmuş müasir Konstitusiya hüquqi dövlətin əsaslarını təsbit etdi. Dövlət idarəçiliyində sabitlik möhkəmləndirildi, demokratik inkişaf üçün mühüm baza formalaşdırıldı. Ümummilli Liderin “Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir” kəlamı isə Azərbaycan xalqının gələcək inkişaf yolunun bünövrə prinsipi oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini qorumaqla yanaşı, güclü, dayanıqlı və inkişaf etməkdə olan dövlətə çevrildi. O, Azərbaycanın yalnız regionda deyil, həm də dünyada nüfuz qazanmasını təmin etdi. Xalqımızın taleyində yeni bir mərhələ açıldı və bu günkü müstəqil, qüdrətli Azərbaycanın təməli məhz həmin dövrdə qoyuldu.

Könül İbrahimova

Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
sesqazeti.az

1Mənbələr