AZ

“Kağız pələng”in canlandırılması

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT Baş Assambleyasında çıxış edən ABŞ Prezidenti Donald Tramp qlobal siyasətdə yeni ritorika nümayiş etdirdi: o, qloballaşmanın iflasını açıq şəkildə elan etdi, Ukraynanın “itirilmiş əraziləri qaytara biləcəyini” vurğuladı, Rusiyanı isə “kağız pələng” adlandırdı. Bu ifadə təkcə bir diplomatik bənzətmə deyil, həm də dərin tarixi və siyasi məna daşıyan metaforadır. Trampın seçdiyi bu termin həm Çin siyasi fəlsəfəsindən qaynaqlanır, həm də beynəlxalq münasibətlərdə güc anlayışının mahiyyətinə dair yeni debatlara qapı açır.

Çin mifologiyasından Qərb siyasətinə

“Kağız pələng” ifadəsi qədim Çin dünyagörüşündə xüsusi mistik çalarlarla yüklənmişdi. Kağızdan kəsilib qapılardan asılan pələng fiqurları pis ruhların gözünü qorxutmaq üçün istifadə olunurdu. Yəni pələngin təsviri qüdrətli görünsə də, onun gerçək gücü yox idi. Bu idiom daha sonra siyasi leksikona çevrilərək yalnız zahirən güclü, əslində isə zəif qüvvələri təsvir etmək üçün işlədilməyə başladı. Metaforanın qlobal miqyasda məşhurlaşması isə Mao Tszedunun siyasi ritorikası ilə bağlıdır. XX əsrin ortalarında Mao ABŞ-ın atom bombasını və ümumən Qərb imperializmini “kağız pələng” adlandıraraq bildirirdi ki, silahın dağıdıcı gücü olsa da, müharibələrin taleyini həmişə xalqların iradəsi müəyyən edir. Çin Kommunist Partiyasının orqanı olan “Jenmin Jibao” qəzetində dəfələrlə dərc olunan bu tezis ideoloji mübarizənin silahlarından birinə çevrilmişdi.

Trampın Rusiyanı “kağız pələng” adlandırması hər şeydən əvvəl onun, zahirən təhlükəli görünsə də, real güc imkanlarının şişirdildiyi fikrini ifadə edir. ABŞ prezidentinin bu yanaşması həm daxili auditoriyaya, həm də beynəlxalq müttəfiqlərə ünvanlanan mesaj kimi dəyərləndirilə bilər: yəni Rusiya ilə bağlı qorxular çox şişirdilib, onun uzunmüddətli strateji potensialı isə sual altındadır. Üstəlik, Trampın metaforası paradoksal şəkildə Çin siyasi irsinə istinad edir. Bu, bir növ ideoloji çevrilişdir: əgər Mao vaxtilə ABŞ-ı “kağız pələng” adlandıraraq imperializmə qarşı barrikada qururdusa, indi ABŞ prezidenti eyni metaforanı Rusiyaya qarşı işlədərək Çin diskursunu öz leksikonuna gətirir. Beləliklə, tarixdə ideoloji silah kimi istifadə olunan termin bu gün geosiyasi polemikanın bir parçasına çevrilir.

Metaforaların beynəlxalq siyasətdə rolu heç də az deyil. Onlar bir tərəfdən siyasi arqumenti sadələşdirir, digər tərəfdən ictimai şüuru formalaşdırır. “Kağız pələng” obrazı da artıq qlobal siyasi ədəbiyyatda, akademik diskussiyalarda və mediada möhkəm yer tutub. Bu obraz gücün yalnız maddi resurslardan ibarət olmadığını, həm də onun qəbul forması, psixoloji təsiri və siyasi iradə ilə müəyyən olunduğunu göstərir. Trampın ritorikasındakı bu ifadə həm Çin fəlsəfi ənənəsinin Qərb siyasi diskursuna transferini, həm də beynəlxalq münasibətlərdə güc anlayışının nisbiliyini ortaya qoyur. Qlobal siyasət tarixində “kağız pələng” anlayışı bir daha təsdiq edir ki, hərbi potensialın mövcudluğu dövlətlərin real qüdrətini müəyyən etmək üçün kifayət deyil. Əsas meyar siyasi iradə, iqtisadi dayanıqlılıq və beynəlxalq legitimlikdir.

Nəticə

Beləliklə, Trampın BMT-dəki çıxışı sadəcə ritorik bir jest yox, həm də qlobal ideoloji mirasa yeni nəfəs vermək cəhdi idi. Çin mifologiyasından doğmuş, Mao Tszedunun ideoloji silahına çevrilmişn “kağız pələng” metaforası indi də Qərb siyasətinin lüğətinə daxil olur. Bu, beynəlxalq münasibətlərin dinamik təbiətini, siyasi diskursların çevikliyini və ideoloji simvolların uzunömürlülüyünü göstərən nümunələrdən biridir.

Kəramət QƏNBƏROV,

Beynəlxaq hüquq üzrə ekspert

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
39
yeniazerbaycan.com

10Mənbələr