AZ

SOCAR “Bahar” və “Qum-dəniz” yataqları ilə bağlı yenidən xarici şirkətlə tərəfdaşlığa başlayır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və SLB Xəzər dənizindəki “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalayıb.

Razılaşma çərçivəsində perspektivli hasilat zonalarının müəyyənləşdirilməsi, hərtərəfli rezervuar modellərinin hazırlanması, eləcə də Erkən Hasilat Sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsi nəzərdə tutulur.

Layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz yataqlarının istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasının mühüm tərkib hissəsi olacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirəcək praktik inkişaf ssenarilərinin işlənməsinə imkan yaradacaq.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın İşlənmə və Hasilat Əməliyyatları üzrə vitse-prezidenti Babək Hüseynov şirkətlər arasındakı uğurlu əməkdaşlıqdan bəhs edərək bildirib ki, layihə qabaqcıl üsullardan istifadə etməklə yetkin yataqlarda hasilatın optimallaşdırılması istiqamətində mühüm addımdır. O, həmçinin “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən qurulmasının növbəti mərhələləri üçün texniki bazanın formalaşacağına inam ifadə edib.

Xatırladaq ki, SLB (əvvəllər Schlumberger) dünyanın ən iri neft-qaz xidmət şirkətlərindən biridir. 2022-ci ildə adını “SLB” olaraq dəyişən şirkət hasilat, qazma və rezervuar modelləşdirmə üzrə qabaqcıl texnologiyalar təqdim edir, həmçinin geotermal enerji və karbon saxlanması kimi sahələrdə fəaliyyətini genişləndirir. SLB artıq 30 ildir Azərbaycanda çalışır və SOCAR ilə müxtəlif layihələrdə əməkdaşlıq edib. Son illərdə tərəflər “SOCAR Green” vasitəsilə geotermal potensialın araşdırılması üzrə də Anlaşma Memorandumu imzalayıblar.

Seçilən
50
banker.az

1Mənbələr