AZ

3 oktyabr – Müstəqil Azərbaycanın taleyini dəyişən gün

1993-cü il oktyabrın 3-ü Azərbaycan tarixində yalnız prezident seçkiləri günü deyil, həm də taleyüklü bir dönüş nöqtəsi kimi yadda qalıb. Həmin dövrdə ölkə siyasi xaosun, parçalanma təhlükəsinin və vətəndaş müharibəsi riskinin astanasında idi. Məhz belə ağır bir zamanda xalq öz xilaskarını seçdi və dövlətin taleyini Heydər Əliyevə etibar etdi. Bu seçim milli dirçəlişin başlanğıcı, müstəqil Azərbaycanın sabitliyə, inama və ümidə dönüşü oldu. İlk illərində baş verən 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Laçın və Şuşanın itirilməsi kimi ağır hadisələr xalqın yaddaşında dərin iz buraxmışdı..

Hakimiyyət boşluğu, qeyri-peşəkar idarəetmə və daxili çəkişmələr ölkəni uçurumun kənarına gətirib çıxarmışdı. Lakin xalqın sarsılmaz iradəsi və Heydər Əliyevin tarixi qayıdışı bu fəlakətin qarşısını aldı. Prezident seçildikdən sonra qısa müddətdə dövlət idarəçiliyi bərpa olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, sabitlik yaradıldı və ölkə parçalanmaq təhlükəsindən xilas edildi. Azərbaycan müstəqilliyini qorumaq və möhkəmləndirmək yolunda inamlı addımlar atmağa başladı.Heydər Əliyev yalnız siyasi sabitlik yaratmaqla kifayətlənmədi, o, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi üçün də fundamental islahatlar həyata keçirdi. 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya hüquqi dövlətin, demokratiyanın və vətəndaş cəmiyyətinin əsasını qoydu. Hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının təminatı, siyasi institutların formalaşması onun uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan ilk dəfə hüquqi dövlətçilik mədəniyyətinə və möhkəm siyasi idarəetmə əsaslarına sahib oldu.Ulu Öndərin ən böyük siyasi irslərindən biri isə "neft strategiyası"dır. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyini müəyyənləşdirdi və ölkəni dünya enerji xəritəsinə çıxardı. Qısa müddətdə milyardlarla dollar həcmində investisiyalar cəlb olundu, Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kimi strateji layihələr həyata keçirildi. Bu addımlar Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, onun qlobal siyasətdə nüfuzunu da artırdı. Heydər Əliyevin təklif etdiyi inkişaf modeli liberal iqtisadiyyat, sahibkarlığın dəstəklənməsi və açıq bazar prinsiplərinə əsaslanırdı. Bu model sonrakı illərdə ölkənin dayanıqlı inkişafını təmin edən əsas faktora çevrildi. Xarici siyasətdə isə Heydər Əliyev balanslaşdırılmış və realist diplomatiya yürüdürdü. Onun sayəsində Azərbaycan beynəlxalq arenada tanınan və hörmət edilən tərəfdaşa çevrildi. Qarabağ münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə çıxarıldı, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və Ermənistanın işğalçılıq siyasətinin ifşası istiqamətində mühüm nailiyyətlər əldə olundu. Eyni zamanda, ölkənin dünya iqtisadiyyatına və qlobal nəqliyyat şəbəkələrinə inteqrasiyası təmin edildi. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizləri, Böyük İpək Yolunun bərpası kimi layihələr reallığa çevrildi.Bu gün, 2025-ci ildə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həmin kursu uğurla davam etdirir. Müstəqilliyin qorunması, ərazi bütövlüyünün bərpası, regionun diplomatik və iqtisadi mərkəzə çevrilməsi, qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi - bütün bu uğurların əsası məhz 1993-cü ildə qoyulmuşdu. Heydər Əliyev müstəqilliyi yalnız hüquqi sənəd kimi deyil, real dövlətçilik təməlinə çevirdi, milli ideologiya formalaşdırdı və xalqın iradəsini dövlət siyasətinə çevirdi.

3 oktyabr 1993-cü il sadəcə bir seçki tarixi deyil. Bu gün Azərbaycanın xilası, milli dövlətçiliyin dirçəlişi və yeni bir dövrün başlanğıcıdır. Həmin gün edilmiş seçim sübut etdi ki, xalq öz iradəsi ilə taleyini dəyişə bilər. Bu seçim nəticəsində Azərbaycan zəif və dağılmaq təhlükəsi qarşısında olan bir dövlətdən qüdrətli, müstəqil və nüfuzlu bir ölkəyə çevrildi. Bu gün qətiyyətlə deyə bilərik: 3 oktyabr 1993-cü ildə atılmış addım sonrakı bütün qələbələrin, inkişafın və yüksəlişin əsası oldu. Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində Azərbaycan öz müstəqil yolunu qətiyyətlə davam etdirir və dünyada söz sahibi olan bir dövlət kimi yaşayır.

Sevinc Fətəliyeva 
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
2
olaylar.az

3Mənbələr