AZ

Merz Aİ liderlərinin sammiti zamanı Orbanı sərt tənqid etdi Bloomberg

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniya kansleri Fridrix Merz Kopenhagendə keçirilən Aİ liderlərinin görüşü zamanı Macarıstanın baş naziri Viktor Orbanı sərt tənqid edib və onu blokun təhlükəsizlik sahəsində ehtiyacları ilə bağlı müzakirələri pozmaqda ittiham edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” söhbətin gedişatı ilə tanış olan şəxslərə istinadən yazır.

Toqquşma Avropa İttifaqının Rusiyadan gələn təhdidlərdən daha yaxşı necə müdafiə oluna biləcəyi və Ukraynanı necə dəstəkləyə biləcəyi barədə müzakirə zamanı baş verib.

"Bu mübahisə Aİ-nin Orbandan məyusluğunun son təzahürüdür. O, Rusiyaya qarşı sanksiyaları bloklamaq üçün veto hüququndan istifadə edib və Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxır. Bütün bunlar blokun son aylarda Rusiya tərəfindən hava məkanının dəfələrlə pozulması fonunda öz müdafiəsini bərpa etmək planları ətrafında birləşməyə çalışdığı vaxt baş verir”, – deyə "Bloomberg” xatırladıb.

Eyni zamanda Orban hökumətyönlü vebsaytda yazıb:

"Bu, gərgin, xüsusilə də həyəcanlı Avropa sammiti idi”.

Öz növbəsində Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen görüşdən sonra bildirib ki, pilotsuz uçuş aparatlarından gələn son təhdidlər "Avropanın güclü və qətiyyətli reaksiyasını və cavabını tələb edir”. Onun sözlərinə görə, "hər bir avropalı və Avropadakı hər bir kvadrat santimetr təhlükəsiz olmalıdır”.

Lakin komissiyanın "dronlardan divar” tikmək təklifi müzakirə zamanı soyuq qarşılanıb, – "Bloomberg” dəqiqləşdirib.

"Biz hansı imkanları əldə edə biləcəyimizdən asılı olmayaraq, dronlar yenə də Avropaya daxil olacaqlar”, – Danimarkanın baş naziri Mette Frederiksen bildirib. Bununla belə, görüşə rəhbərlik edən siyasətçi ümumi konsepsiyanı dəstəklədiyini vurğulayıb.

"Biz tamamilə razıyıq ki, dron texnologiyasına, dronlara qarşı mübarizəyə, həmçinin yeni texnologiyalara və innovasiyalara daha çox sərmayə yatırmalıyıq”, – Frederiksen əlavə edib.

Öz növbəsində İtaliya və İspaniya nümayəndələri bildiriblər ki, komissiyanın müdafiə planları bütün qitənin özünü müdafiə etməsinə və Aİ-nin şərq cinahını möhkəmləndirməsinə kömək etməlidir. İtaliyanın baş naziri Corciya Meloni xəbərdarlıq edib ki, əgər bu edilməsə, Aİ-nin müdafiəsi səmərəli olmayacaq.

Avropa Şurasının sədri Antoniu Koşta isə bu ritorikanı dəstəkləyib:

"Avropanın sərhədləri yalnız bütün Avropa sərhədləri qorunduğu halda qorunacaq”.

"Bloomberg” qeyd edib ki, bu gün, oktyabrın 2-də, Aİ liderlərinə Ukrayna da daxil olmaqla digər Avropa ölkələrinin rəhbərləri qoşulmalı və hərbi ehtiyacları müzakirə etməlidirlər.

"Müasir Avropaya baxanda düşünürəm ki, biz İkinci Dünya müharibəsinin başa çatmasından bəri ən mürəkkəb və təhlükəli vəziyyətdəyik”, – Frederiksen yekunlaşdırıb.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
qaynarinfo.az

1Mənbələr