AZ

Berlin divarının “atası” – SSRİ-yə işləyən casusu sinif yoldaşı prezident əfv edib

Jorj Pak Fransada fəaliyyət göstərən ən yaxşı sovet casusu olub. NATO-da işləyən agent planeti III dünya müharibəsindən və nüvə silahının səbəb olacağı kütləvi qırğından xilas etmək üçün əlindən gələni edib.

1962-ci ilin oktyabr ayı “Karib böhranı” kimi yadda qalıb. Lakin ondan bir il əvvəl, çoxlarının hesab etdiyi kimi, daha az təhlükəli olmayan “Berlin böhranı” baş verib. O, uzaq Karib dənizində deyil, Avropanın mərkəzində olub. Dörd keçmiş müttəfiq - SSRİ, ABŞ, İngiltərə və Fransa - Qərbi Berlinin gələcəyi uğrunda şiddətli mübarizə aparıb.

Parisin Rue du Temple küçəsində bir axşam sovet dostu ilə görüşən Jorj çox vacib məlumatı qarşı tərəfə çatdırıb. Məlumata əsasən Qərb bu dəfə vaxtilə ölkələri virana çevrən Almaniyadan ötrü SSRİ ilə müharibəyə hazırlaşıb. NATO birbaşa qarşıdurmaya əl atacaqmış.

jak-5.jpeg

Məlumat dərhal Nikita Xruşova çatdırılıb. 1961-ci ilin avqust ayının 12-dən 13-nə keçən gecə tikanlı məftillər üzərində tikinti başlayıb, ardınca dərhal daş divar çəkilib. Əməliyyatda 25 mindən çox insan iştirak edib. Eyni zamanda, NATO-nun planları haqqında əldə edilən sənəd və Qərbdə “Berlin divarı” adlandırılan hasarın tikintisi nüvə münaqişəsinin qarşısını alıb.

Paradoksal olsa da, Fransa prezidenti Şarl de Qollun yaxın adamı Jorj Pak qürurla özünü “Berlin divarı”nın əsl atası hesab edib. Onun sözlərinə görə, Nikita Sergeyeviçdən təşəkkür məktubu alıb və onu özündə saxlayıb. Hətta 1962-ci ildə Jorj Pak Kuba ətrafında raket böhranının yaranması və inkişafı zamanı NATO-nun hərəkətləri ilə bağlı sənədləri də SSRİ-yə təqdim edib.

jak-2.jpeg

Bəs nə üçün hələ 1943-cü ildə Əlcəzairdə insanları qətlə yetirən Fransa ordusunun sıralarında olarkən Pak SSRİ tərəfə keçib? O, fransız müttəfiqlərinə yuxarıdan aşağı baxan, almanları və rusları məğlub etdikdən sonra hər şeyi yoluna qoymağa söz verən amerikalılara nifrət edib. Onların general de Qolu ələ salması onu hiddətləndirib. O, 1943-cü ildən Fransa ordusunda yüksək vəzifələrdə çalışıb, sonra isə Moskvadakı dostlarının xahişi ilə 1960-cı illərin əvvəllərində Fransanın əməkdaşlıq naziri vasitəsilə NATO-ya keçib. Alyansın Fransa mətbuat xidmətinin rəhbəri Jorj Pak yüksək məxfi məlumatlara çıxış əldə edib.

Həmkarlarının dediyinə görə, Pak işinin öhdəsindən mükəmməl gəlib. Onun Moskva “dostları” da ona eyni qiyməti veriblər. Bununla belə, o, unikal şəxsiyyət olub. Mərkəz onun üçün xüsusi, gizli kamera da düzəldib. Ancaq bu, həmişə texnologiya ilə mübarizə aparan fransız üçün çətin olub. O, məxfi sənədləri əl ilə köçürməyə və ya ofisindən gizli yolla çıxarmağa üstünlük verib. Çünki heç kəs yüksək vəzifəli məmurun üstünü axtarmağı düşünməyib.

jak-3.jpeg


Agent gizli yerlərdə məlumat saxlamayıb. O, yalnız iki həftədə bir dəfə metroda axşam pik saatlarında koordinatorlarla görüşüb və sənədləri təhvil verib. Əgər onunla əlaqə saxlamaq və ya təcili bir şey ötürmək lazım gəlsə, o, pullu telefondan sovet səfirliyinə zəng vurub və şifrəli bir söz deyib.

Bütün ehtiyat tədbirlərinə baxmayaraq, “Berlin divarı”nın tikilməsindən iki il sonra agent həbs edilib. Buna səbəb SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin strateji planlaşdırma idarəsinin mayoru Anatoli Qolitsın olub. Qolitsın 1961-ci ilin dekabrında Helsinkiyə qaçıb, oradan isə Mərkəzi Kəşfiyyat İdarəsi onu ABŞ-yə aparıb. Onun ifadələri Paki qismən ifşa edib, lakin Fransa kəşfiyyatı çarəsiz qalıb. Aylarla davam edən iş əvvəlcə yüz, sonra on dörd addan ibarət siyahılarla yekunlaşıb. Sonra şübhəlilərin sayı beşə endirilib. Lakin siyahıdakılar o qədər yüksək rütbəli şəxslər olublar ki, birbaşa sübut olmadan onları həbs edib dindirmək mümkün olmayıb. Qolitsın son siyahıda Pakın adını xatırladığını deyib.

jak-1.jpeg

12 avqust 1963-cü ildə Jorj Pak həbs edilib və dərhal əks-kəşfiyyat qərargahına aparılıb. Bütün ittihamları rədd edən Pak təzyiqlərdən sonra hər şeyi etiraf edib. Casus ölüm cəzasına məhkum edilib. Sonradan bu cəza 20 il həbs cəzası ilə əvəzlənib. O, ömrünün altı ilini həbsxanada keçirib. 1970-ci ildə sinif yoldaşı və uşaqlıq dostu, Fransa prezidenti Jorj Pompidu tərəfindən (şərti olaraq) əfv edilib. J.Pak 1993-cü ildə yatağında dinc şəkildə dünyasını dəyişib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Seçilən
3
8
musavat.com

10Mənbələr