AZ

“Transxəzər Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasına başlanacaq

BAKI, 2 oktyabr. TELEQRAF

Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə “Transxəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına qısa müddətdə başlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirdə çıxışı zamanı qeyd edib.

Nazir Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşəbbüsü ilə təşkil olunan “Mərkəzi Asiyada Bərpa Olunan Enerjinin Sürətləndirilməsi” mövzusuna həsr edilmiş tədbirin açılış mərasimində, eləcə də “Mərkəzi Asiyada Bərpa Olunan Enerji üzrə Sürətləndirilmiş Tərəfdaşlıq” (APRECA) Nazirlər Dəyirmi Masasında iştirak edib.

Tədbirdə həmçinin “Xəzər-Qara dəniz-Avropa”, müxtəlif marşrutlar üzrə “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizləri layihələri barədə məlumat verilib. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin bu layihələrlə inteqrasiyası nəticəsində regionun böyük bərpa olunan enerji potensialının Türkiyə və Avropa bazarlarına yönəldilməsi, qitələrarası istehsal və istehlak mərkəzlərinin əlaqələndirilməsi, enerjinin dəyişkənliyinin idarə olunması kimi perspektivlər diqqətə çatdırılıb. Qeyd olunub ki, fiber-optik komponentə malik olan bu interkonnektorlar “Transxəzər Yaşıl Enerji Dəhlizi” ilə birlikdə yalnız enerji və ekoloji təhlükəsizliyi deyil, həm də rəqəmsal və nəqliyyat bağlantılarını gücləndirərək ölkələrimizin Orta Dəhliz boyunca geostrateji əhəmiyyətini daha da artıracaq.

Nazirlərin Dəyirmi Masasında isə bərpa olunan enerjinin sürətli inkişafı üçün şəbəkələrin modernləşdirilməsi, etibarlı enerji saxlama sistemlərinin qurulması, investisiya imkanlarının genişləndirilməsi, təchizat zəncirlərinin təmin edilməsi, eləcə də regionlararası interkonnektorların yaradılması məsələləri müzakirə edilib. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr və planları diqqətə çatdırılıb, APRECA vasitəsilə əməkdaşlıq imkanları dəyərləndirilib.

Seçilən
5
9
teleqraf.com

10Mənbələr