Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında filologiya elmləri doktoru Rəhim Əliyevin “Qızıl Səhifələr” kitabının təqdimat mərasimi keçirilib...
Güney Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri Seyid Cəfər Pişəvəri və həmin dövrün siyasi xadimlərinin mübarizəsinə həsr olunan bu nəşr, həm elmi ictimaiyyət, həm də ictimai-siyasi çevrələr tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə ölkənin tanınmış alimləri, siyasətçiləri və ictimai xadimlərinin iştirakı da bu marağın göstəricisi olub.
Təqdimatı giriş sözü ilə açan VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı kitab haqqında geniş məlumat verərək, Pişəvəri dövrünün araşdırılmasının vacibliyini vurğulayıb.
O bildirib ki, Rəhim Əliyevin “Qızıl Səhifələr” kitabı yalnız sənədlər toplusu deyil, həm də 1945–1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin tarixini əks etdirən sanballı ensiklopedik mənbədir:
“1945–46-cı illərdə Güney Azərbaycanda qurulan Milli Hökumətin ideoloji dayaqları fonunda yazılmış mətnlər həm tarixi sənəd, həm də siyasi manifest rolunu oynamışdır. Seyid Cəfər Pişəvərinin 1946-cı ilin fevralından qələmə aldığı bu əlyazma da həmin dövrün milli mübarizə ruhunu, dil, kimlik və dövlətçilik uğrunda aparılan mübarizənin konseptual təsvirini özündə əks etdirir.”
Daha sonra çıxış edən kitabın müəllifi Rəhim Əliyev Milli Hökumət dövrünün xüsusiyyətlərindən bəhs edib və əsərdə toplanan sənədlərin əhəmiyyətini qeyd edib. O bildirib ki, kitabın əsası 1946-cı ildə Təbrizin “Elmiyyə” mətbəəsində çap olunmuş ilk nəşrə söykənir. Təxminən 80 ildən sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi bu tarixi toplunu yenidən nəşr edib.
Tarixçi professor Cəmil Həsənli çıxışında bu nəşri Milli Hökumətin 80 illiyinə ən dəyərli töhfə kimi qiymətləndirib.
Təqdimatda həmçinin AMEA Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə, Demokratik Firqənin rəhbəri Firudin İbrahimli, Bakı Slavyan Universitetinin kafedra müdiri, professor İbrahim Quliyev, Ədəbiyyat İnstitutunun əməkdaşı, elmlər doktoru Pərvanə Məmmədli, Borçalı cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli, Vəhdət Partiyasının lideri Tahir Kərimli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, profesor Sakit Hüseynov və professor Qulu Məhərrəmli çıxış ediblər.
Tədbirin sonunda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Milli Hökumətin 80 illiyinin rəsmi şəkildə qeyd olunması qərara alınıb.
Poliqon.info