AZ

Bakıda evlərin qiyməti ilə bağlı VACİB AÇIQLAMA Növbəti aylarda…

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Evlərin qiymətinin artmasının fərqli səbəbləri var. Əvvəla onu deyim ki, hazırda regionda əmlak bazarında artım müşahidə edirik. Bir tərəfdən də Rusiya-Ukrayna müharibəsi region bazarına təsir göstərir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, Cənubi Qafqaz ölkələrinə baxsaq, artımlar həm Gürcüstan paytaxtı, həm də Ermənistan paytaxtında müşahidə olunur:

"Yəni Tiflis və İrəvanda qiymət artımı qeydə alınır. Çünki Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqazdakı əmlak bazarında tələb yaratdı. Bu tələb əsas səbəblərdən biridir. Ekosistemin özü də əmlak bazarına tələbi artırır.

ABŞ və ya inkişaf etmiş hər hansı bir ölkəyə baxsaq, həmin dövlətlərin əksəriyyətində əmlakların qiyməti yüksəkdir, amma eyni zamanda həmin ölkədəki vətəndaşların gəlirləri də postsovet məkanı ilə müqayisədə daha yuxarıdır. Eyni zamanda həmin ölkələrdə vətəndaşların alternativ yığım imkanları var. Onlar səhm bazarına və ya digər istiqamətə vəsaitinə yönəldə bilirlər".

Vüqar Bayramov əlavə edib ki, Azərbaycanda alternativ yığım imkanları məhduddur:

"Vətəndaş yığım edirsə, mənzil, torpaq, qızıl alır, pulunu banka yerləşdirir və ya evdə saxlayır. Amma səhm bazarına vəsait yönəldiləndə, bir tərəfdən səhm bazarı inkişaf edir, digər tərəfdən vətəndaş üçün yığım imkanları müəyyənləşir. Nəticədə həm də əmlak bazarındakı tələb gərginliyini azaldır.

Ona görə də alternativ yığım imkanları, xüsusən də əmlak bazarında tələbə olan təzyiqin minimumlaşdırılması baxımından vacibdir. Təəssüf ki, gözlənti ondan ibarətdir ki, biz 2025-ci ilin növbəti aylarında qiymət artımları müşahidə edəcəyik. Gözlənti ondan ibarətdir ki, hələlik əmlak bazarında qiymətlərin azalmasına təsir göstərən faktorlar aktiv deyil. Çünki bunun baş verməsi üçün tələb azalmalıdı".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
baku.ws

2Mənbələr