AZ

Qarabağ” rəhbərliyinə mesaj var: “Hörmətsiz şəkildə azarkeşi əzdirir”

“Qarabağ”ın oyunu üçün biletə 300 manat ödədi, başına iş gəldi

“Qarabağ” – “Kopenhagen” matçı təmsilçimizin parlaq qələbəsi ilə başa çatdı – 2:0.

Təbii ki, əldə olunan qalibiyyət stadionun yolunu tutan azarkeşləri məmnun etdi. Lakin digər tərəfdən onların üzüntüsünə səbəb oldu.

Aktiv sosial şəbəkə istifadəçilərinin paylaşımlarında narazılıq dalğası aşkar görünür.

Futbolsevərlər arenaya daxil olmaqda, lap dəqiq desək, turniketlərdən rahatlıqla keçib, tribunadakı yerində əyləşməkdə ciddi çətinliklə üzləşib.

Bloger Fərid Pərdəşünas (Farid Pardashunas) “facebook” hesabındakı paylaşımla vəziyyəti olduğu kimi izah edib:

“Bu paylaşımı bacardığım qədər emosiyaları kənara qoyub, ədalətli şəkildə yazmağa çalışacağam və düşünürəm ki, “Qarabağ”ın oyununa yarımçıq daxil olan minlərlə insan məni başa düşəcək.

İlk təhlükəsizlik yoxlanışından keçəndən sonra 50 dəqiqə vaxtımız var idi. Dəmir turniketlər önünə gələndə bizi qarşılayan ölüm sıxlığından xəbərsiz idik.

Bir neçə sektora girişi təmin edən 6 turniket önündə yumru sıra var idi. Yəni ümumiyyətlə sıra yox idi.

Qeyri-adi şəkildə dəmir turniketlər QR oxuyub yaşıl yandırdığı halda ilişib qalırdı. İnsanlar bir-birini əzir, sıxır, polisə müqavimət göstərməyə çalışır və etiraz edirdilər.

6 nəfər idik. Aramızda 2 azyaşlı da var idi. Biletə toplamda 300 manat pul vermişik. Həyatımda bu qədər hörmətsiz vəziyyətə düşdüyümü xatırlamıram.

Sözün əsl mənasında əzildik. Bunu minlərlə insan yaşadı. Tək biz yox, xarici qonaqlar da. Gözümün önündə yanımda əlində sosis-çörək ilə oyuna daxil olmağa çalışan fanata sıxlıq o sosi özü istəmədən yedirdi. Ciddi deyirəm.

Oyunun 25-ci dəqiqəsində ancaq stadiona daxil ola bildik. Bizdən sonra da xeyli insan hələ də gözləyirdi. İnsan o qədər idi ki, ikinci hissəyə çatanlar oldu.

Təsəvvür edin, Avropanın ən böyük stadionlarında canlı şahidi olmuşam - 90000 adam stadiona 20 dəqiqəyə eyni anda daxil ola bilir.

Oyun başlamağa 15 dəqiqə qalmış meydanda olsan, görəcəksən ki, tribunalar bomboşdur. Çünki o qədər insan cəmi 15 dəqiqəyə yerinə keçə bilir.

Mən başa düşürəm, bizim ölkədə təhlükəsizlik önəmlidir. Amma maraqlısı odur ki, sıxlığın olduğu yer də təhlükəsizlik yoxlanışı olan hissə deyil.

Dəmir turniket hissəsidir. Necə bunu həll edə bilmirlər? Niyə o hissədə növbə tənzimləyən dəmir sərhəd xətti yoxdur axı?

Niyə 30 saniyəyə 1 adam buraxan, içindən keçilməsi zülm olan və sayı az dəmir turniketlər istifadə olunur?

Bunu düzəltmək çoxmu çətindir? 30000 azarkeşi 2 saata necə stadiona ala bilmirik axı?

“Qarabağ”Avropa səviyyəsində futbol oynayır. İnsanlar sevinə-sevinə oyuna qaçır. Pul xərcləyir. Amma baxırsan ki, bilet satışı platforması tətbiqdən növbəsiz bilet satır. Stadion hörmətsiz şəkildə azarkeşi əzdirir.

Çox təəssüf edirəm. Bunu təcili düzəltmək lazımdır”.

Fərid bəyin paylaşımına rəy bildirən onlarla azarkeş stadiona daxil olmaqla bağlı bu və digər şəkildə narazılıqlarını dilə gətirib.

Ümid edək ki, “Qarabağ” rəhbərliyi mövcud problemləri nəzərə alaraq, növbəti oyunlardan əvvəl çatışmazlıqlarını həllinə çalışacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
4
2
sportinfo.az

3Mənbələr