Nepalda “Z” (Zet) nəsli ayağa qalxıb hakimiyyəti devirdi. Ötən il isə Banqladeş gəncləri eyni addımı atmışdılar. Təbii ki, bütün bunlar əsasən doğrudur. Amma doğrunun zahiri görüntüsüdür. Əslində isə ötən il Banqladeşdə, bu il isə Nepalda baş verənlərin daha ciddi əsası var - Çinlə Hindistan arasındakı geosiyasi rəqabət. Əsl məqsəd isə əlbəttə ki, Hindistanın “cücə boğazı”dır.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz deyib.
O bildirib ki, söhbət Hindistanın materik hissəsi ilə yarım-eksklavı hesab olunan şimal-şərq vilayətlərini birləşdirən Siliquri dəhlizindən gedir:
“Nepal, Butan və Banqladeşlə sərhəddə yerləşən bu dəhliz Hindistanın ən həssas bölgəsi hesab olunur. Ən dar yeri cəmi 22 km-dir. Bizim Zəngəzur dəhlizi qədər. Himalay dağlarının qoynunda yerləşən bu dəhlizi Çin və ya Banqladeş ələ keçirsə, Hindistan faktiki olaraq ikiyə bölünər.
Banqladeşin yeni rəhbəri Məhəmməd Yunisin aprel ayında Çinə səfər edərkən səsləndirdiyi bir fikir Hindistanı əməlli-başlı silkələmişdi. O, sadəcə Banqladeşin geosiyasi əhəmiyyətindən danışarkən Huindistanın “cücə boğazı”ndan da bəhs etmişdi. Demişdi ki, Hindistanın şimal-şərqinin dənizə çıxışı yoxdur və okeana çıxışı tamamilə Banqladeş tərəfindən idarə olunur. Siliquri dəhlizi, Şimal-Şərqi Hindistanın qalan hissəsi ilə birləşdirən yeganə yoldur və bu əlaqə Banqladeşdən keçir.
Məhəmməd Yunisin bu sözləri Hindistanda təhdid kimi qiymətləndirilmiş və artan gərginlik Yeni Dehlini Pakistanla savaşa qədər sürükləmişdi. Niyə Pakistan? Çünki Hindistanda bir çox politoloq Hasina ailəsi hakimiyyətinin yıxılmasında Çin və Pakistan ittifaqından şübhələnirdi. Şübhələnmələri üçün əsas da vardı. Zira 1970-ci illərə qədər Banqladeş Pakistanın bir hissəsi idi və Hindistanın dəstəyi ilə Şeyx Hasinanın atası Şeyx Mucibur Rəhman tərəfindən müstəqilliyini elan etmişdi. Faktiki olaraq, Banqladeşin qurucusu olan bu ailə Pakistanın 1 nömrəli düşməni sayılırdı. Odur ki, Hasina xanımın devrilməsində ən çox marağı olan ölkə də Pakistan idi.
Təsadüfi deyildi ki, Məhəmməd Yunisin barəsində bəhs etdiyimiz məlum çıxışından sonra Hindistandan ona verilən cavablar da özünü çox gözlətməmişdi. Şimal-şərqi Hindistandakı Assam vilayətinin Baş naziri Himanta Bisua Sarma cavabında bildirmişdi: “Bizim bir “cücə boğazımız” var, onlarda ikidir. Onlar bizimkinə hücum edərsə, biz də onların iki “cücə boğazı”nı üzərik”. Sarmanın burda bəhs etdiyi 2 “cücə boğazı” Banqladeşdəki dar keçidlər idi.
Bəs Nepalın bu “cücə boğazları”na nə dəxli var?
Məsələ burasındadır ki, Nepal Hindistanla Çin arasında sıxışıb qalmış bir ölkədir. Dənizə çıxışı olmayan bu ölkə həm Çindən, həm də Hindistandan asılıdır. Çinə yönəlsə, Hindistanın qəzəbinə səbəb olur, Hindistana yönəlsə, Çinin. Ən əsası isə Hindistanın şimal-şərq vilayətlərinə gedən yolu Nepalın sərhədlərinə yaxın ərazilərdən keçdiyi kimi, Çin də Tibetə getmək üçün bu ölkənin ərazilərinə qədəm basmalıdır. Üstəlik, Nepal Benqal körfəzinə çıxmaq üçün də ya Hindistandan, ya da 2016-cı ildə Çinin təsir dairəsinə girən Banqladeşdən keçməlidir. Belə qarışıq vəziyyət qarşısında Nepal məcburən balanslaşdırılmış xarici siyasət yürütməlidir. Orda başlayıb və hakimiyyət çevrilişi ilə nəticələnən “Zet” inqilabı ilə Nepal yəqin ki, bu siyasətə son qoyacaq. Bu da onu ciddi risklərlə qarşı-qarşıya qoyacaq.
Hətta mümkündür ki, III Dünya müharibəsinin şərq poliqonu Nepal olsun”.