AZ

Havayı yeyib-içən “rəhbərlik” və ya kim “bunların ipini yığın” söyləyəcək?

Hələ qabaqcadan nəsə demək istəmirəm, ancaq mənə elə gəlir ki, bir neçə tur sonra turnir cədvəlində qütbləşmə əmələ gələcək.

Yarışmaçılar liderlər və autsayderlər qrupuna bölünəcək.

«Şamaxı»nın ikinci «altılıq»da yer alacağı birmənalıdır. Liqanın ən kasıb klubunun bir nömrəli məqsədi aşağı diviziona yuvarlanmamaqdır.

Ayaqlarını yorğanına görə uzatmaqdan savayı nə istəyə, nə edə bilərlər, guya? Ayxan Abbasovu göydə quşu gözündən vurur, güc balansından çox yaxşı xəbərdardır.

Onun qurduğu komanda yenidir, İki-üç deyil keçib üstündən.

Bir daş altda, bir daş üstdə iş görməyib, cibdəki məhdud büdcəylə 9-10-cu yerlər uğrunda mübarizə apara biləcək heyət yığıb.

Oyunları var. Ona məşqçi toxunuşu var. İstək var. Çatışmayan cəhətləri yoxmu? Bu da var.

Hakimlərlə normal əlaqələrin olmaması. «Şamaxı»nın başına od eləsə, yenə onlar edəcək.

Ayxan Abbasov ötən mövsümdən «Şamaxı»dadır və bu müddətdə azı on dəfə hakimlərin qərəzli münasibətindən, ikili yanaşmasından, ayrı-seçkilik salmalarından şikayətlənib.

«Araz-Naxçıvan»la qarşılaşmada da Rəşad Əhmədov onlara saymazyana yanaşdı, təmiz penaltilərini vermədi.

Bu, əslində, rəhbərliyin problemidir. Stadionun isti otaqlarında əyləşib çay və kofe həşirində olan zati-alilərindən biri də komandaya ürəkdən can yandırmır.

Deyəsən, bu kəsləri nə AFFA-da tanıyır, nə də sayırlar.

İki sezondur hakimlər Abbasovun dəli-divanə ediblər, biri qalxıb federasiyaya söz demir.

Belə görürəm ki, yenə baş məşqçinin özü üzünü AFFA-da əyləşənlərə tutub, «bunların ipini yığın» söyləyəcək.

KAMİL

Seçilən
7
sportinfo.az

1Mənbələr