Son zamanlar Azərbaycanda əhali arasında ürək tutmaları, şəkər, təzyiq, onkoloji və digər ağır xəstəliklərin artması ictimai narahatlıq doğurur. Mütəxəssislər bildirirlər ki, bu problemlər təkcə böyüklər deyil, həm də azyaşlı uşaqlar arasında geniş yayılıb. Xüsusilə autizm və talassemiya hallarının çoxaldığı qeyd olunur. Hətta iki-üç yaşlı uşaqların xərçəngdən dünyasını dəyişdiyinə dair statistik məlumatlar mövcuddur. Ekspertlərin fikrincə, bu gedişatın qarşısını almaq yalnız səhiyyə sistemində köklü islahatların aparılması, xüsusən də idarəetmədə dəyişikliklərin reallaşdırılması ilə mümkündür.
Bu xoşagəlməz tendensiyanın qarşısını almaq üçün səhiyyə sistemində hansı köklü islahatlar aparılmalıdır? Problemin həlli üçün idarəetmə sistemində dəyişiklik zəruridirmi?
Busaat.az xəbər verir ki, Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, səhiyyə sahəsində tibbi sığortanın genişləndirilməsi və xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik müayinələrin pulsuz təşkili vacibdir:
“Çünki vətəndaşlar tibbi sığortaya vəsait ödəyirlər və ölkədə istənilən şəxs hər hansı klinikada sağlamlıq durumunu yoxlatmaq imkanına malik olmalıdır. Bu xidmətlər pulsuz təqdim edilməlidir. Ona görə də dərin islahatlara ehtiyac var. Hazırda müəyyən addımlar atılsa da, tam oturuşmuş bir sistem mövcud deyil. Əsas məqsəd xəstəliyin özünü deyil, onun yaranma səbəblərini aradan qaldırmaqdır. Vaxtında aşkarlanan xəstəliklərin müalicəsi daha səmərəli olur. Buna görə də tibbi sığorta sistemi daha effektiv işləməlidir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, xəstəliklərin geniş yayılması ekoloji amillər, qidalanma, həyat tərzi və dərmanların keyfiyyəti ilə birbaşa bağlıdır:
“Problemlərin azaldılması və nəticələrin ən azı dünya standartlarına yaxınlaşdırılması üçün köklü islahatlara ehtiyac var. Səhiyyə sisteminin strukturunda, idarəetmədə və maarifləndirmə sahəsində dərin dəyişikliklər aparılmalıdır. Xüsusilə maarifləndirmə, qida mədəniyyətinin formalaşdırılması, ərzaq və dərmanların keyfiyyətinə nəzarət, içməli suyun ekoloji təhlükəsizliyi, həmçinin zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində ciddi tədbirlər görülməlidir. Bütün bunlar həm maliyyə vəsaiti, həm də sistemli struktur dəyişiklikləri tələb edir. Əks halda, mövcud problemlər artmaqda davam edəcək”.