Mərakeşin Baş naziri Aziz Axannuş gənclərin kütləvi iğtişaşlara çevrilən və insan tələfatı ilə nəticələnən etirazlarına son qoymaq üçün dialoqa hazır olduğunu açıqlayıb.
"Bir daha vurğulayırıq ki, dialoq ölkəmizdəki müxtəlif problemləri həll etməyin yeganə yoludur", - Axannuş bildirib.
O, hökumətinin gənclər hərəkatlarının səsləndirdiyi tələblərə cavab verdiyini, dialoq və müzakirəyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Mərakeşdə "Gen Z 212" hərəkatının təşkil etdiyi gənclərin etiraz dalğası bir neçə gündür davam edir və ölkənin azı 11 şəhərinə yayılıb. Etirazlar əvvəlcə təhsil və səhiyyədə islahatlar tələbləri ilə başlayıb. Eyni zamanda, etirazçılar 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq üçün böyük büdcə xərclərinə qarşı çıxıblar.
Bu gün Krallığın Daxili İşlər Nazirliyi iğtişaşlar və zorakılıqlar zamanı 3 nəfərin öldüyünü, 350-dən çox insanın yaralandığını bildirib.//Report