AZ

İtaliya-Azərbaycan əsl strateji tərəfdaşdırlar - ŞƏRH

Bakı, 3 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırır, mövqeyini möhkəmləndirir. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu günlərdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı da bundan xəbər verir. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülmüşdü. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, “Şöhrət” ordenli Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi Azərbaycan-İtaliya dostluq münasibətlərindən söhbət açaraq deyib ki, bu, İtaliya Prezidentinin Azərbaycana ikinci səfəridir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş tutmuşdur. Budəfəki səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və bu, əsl strateji tərəfdaşlıqdır. Ötən il də Azərbaycan Prezidenti İtaliyaya səfər etmişdir. Bu səfər iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirmişdir. Ç.Qənizadə Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi olduğunu diqqətə çatdırıb: “Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində qarşılıqlı münasibətlər çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Hazırda siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya ölkəmiz üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəsi artmaqdadır. Energetika sahəsində də bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə, Azərbaycan neftinin və qazının İtaliyaya ixrac edilməsi ilə ölkəmiz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarını göndərə bilib”.

Tanınmış hüquqşünas 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazının ixracından da danışıb. Görüş zamanı bu məsələnin gündəmə gəldiyini vurğulayan Ç.Qənizadə deyib ki, o vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə olub. Həmin vaxt müxtəlif problemlərin meydana çıxmasına baxmayaraq, Prezident Mattarellanın şəxsən bu məsələyə müdaxilə etməsi yaranmış problemlərin tənzimlənməsinə imkan verdi və TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Ölkəmizin əhatə dairəsi ildən-ilə getdikcə artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, qazı isə ikinci yerdədir. Faktlar da təsdiqləyir ki, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan , həm də uzun illər etibarlı tərəfdaşlar kimi qarşılıqlı dəstəkdən xəbər verir. Beləliklə, TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır.

Ç.Qənizadə İtaliya-Azərbaycan Universitetinin əhəmiyyətindən danışaraq deyib ki, bu təhsil müəssisəsi iki ölkə arasında elm, təhsil və mədəni əlaqələrin inkişafına töhfə verəcək: “Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir”. Hüquq müdafiəçisi tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcəyini vurğulayıb. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə, Azərbaycan təhsilinin inkişafına töhfədir. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə təhsil alır.

“İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermiş, bu gün də dəstək verməkdə davam edir. İki ölkə arasındakı strateji tərəfdaşlıq həm rəsmi sənədlərdə, həm də praktik işlərdə özünü büruzə verir”, – deyə hüquq müdafiəçisi bildirib.

Seçilən
16
2
azertag.az

3Mənbələr