AZ

Prezident İlham Əliyev Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1-2 oktyabr 2025-ci il tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirakı ölkəmizin beynəlxalq siyasətdə artan rolunu bir daha nümayiş etdirdi. Bu səfər yalnız diplomatik protokol baxımından deyil, həm də regional və qlobal əməkdaşlıq müstəvisində Azərbaycanın siyasi çəkisinin təsdiqi kimi xüsusi əhəmiyyət daşıyır.

Kopenhagendə keçirilən sammitdə Avropanın 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edirdi. Təhlükəsizlik, iqtisadi sabitlik, enerji və nəqliyyat bağlantıları, habelə Rusiya-Ukrayna müharibəsinin Avropaya təsirləri müzakirə edilən əsas mövzular sırasında idi. Prezident İlham Əliyevin iştirakı Azərbaycanın Avropa siyasi gündəliyindəki mövqeyinin nə qədər önəmli olduğunu göstərdi. Çünki Avropa ölkələri üçün Azərbaycan artıq yalnız enerji mənbəyi deyil, həm də mühüm nəqliyyat-logistika mərkəzi və sülh təşəbbüslərinin fəal iştirakçısı kimi qəbul olunur.

Moldova Prezidenti ilə görüş: əməkdaşlıq və enerji gündəliyi

Zirvənin ilk günü Prezident İlham Əliyev Moldova Prezidenti Maya Sandu ilə görüşdü. Azərbaycan Lideri Sandunu parlament seçkilərində qələbə münasibətilə təbrik etdi. Görüşün diqqətçəkən məqamlarından biri də Moldova Prezidentinin Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə olunan sülh razılaşması münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi oldu. Bu, Azərbaycanın sülh təşəbbüslərinin artıq beynəlxalq miqyasda dəstəkləndiyini göstərir.

Bununla yanaşı, enerji əməkdaşlığı məsələsi də müzakirə olundu. Moldova Prezidenti Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Bu, Azərbaycanın təkcə Avropa İttifaqının deyil, Şərqi Avropa dövlətlərinin də strateji tərəfdaşına çevrildiyinin göstəricisidir.

Mühüm hadisə: Əliyev-Paşinyan görüşü

Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Bu görüş bir daha təsdiq etdi ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması yolunda əsas həlledici faktor iki dövlət rəhbərinin siyasi iradəsidir.

Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən Sülh Sammitində əldə olunmuş razılaşmaları yüksək qiymətləndirdilər. Ən önəmlisi, Ermənistan və Azərbaycanın sülh istiqamətində addımlar atmağa hazır olduqlarını təsdiqləmələri idi. Bu bəyanatlar regionda yeni siyasi reallığın formalaşdığını və uzun illər davam edən münaqişənin tarixi mərhələyə daxil olduğunu göstərir.

Həmçinin, regionda nəqliyyat-kommunikasiya bağlantılarının önəmi xüsusi vurğulandı. Azərbaycan ərazisində infrastruktur layihələrinin inkişafı və Ermənistan tərəfinin də TRIPP layihəsinə qoşulması barədə müzakirələr regionda iqtisadi inteqrasiyasının əsasını qoya bilər.

Digər diqqətəlayiq məqam isə tərəflərin ATƏT-in Minsk Qrupu və əlaqəli strukturların fəaliyyətinə ehtiyac qalmadığına dair yekdil razılıq ifadə etməsi oldu. Bu, faktiki olaraq uzun illər mövcud olmuş, lakin real nəticə verməyən vasitəçilik mexanizminin bağlanması deməkdir. Beləliklə, Azərbaycan və Ermənistan öz talelərini xarici qüvvələrin vasitəçiliyindən kənarda, birbaşa dialoq əsasında həll etmək iradəsini ortaya qoyurlar.

Avropa İttifaqı ilə əməkdaşlığın yeni mərhələsi

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü də Kopenhagendəki fəaliyyətin mühüm hissəsi oldu. Avropa liderləri Vaşinqton razılaşmasını təqdir edərək Azərbaycanın sülh təşəbbüslərinə dəstək ifadə etdilər. Bununla yanaşı, enerji və nəqliyyat məsələləri xüsusi müzakirə mövzusu idi.

Azərbaycan hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinə qaz ixrac edir. Bu fakt Azərbaycanın Avropa enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrildiyini təsdiqləyir. Prezident İlham Əliyev görüşdə Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu da vurğuladı. Bu dəhliz yalnız iqtisadi deyil, həm də siyasi baxımdan Avropa ilə Asiyanı birləşdirən strateji xəttdir.

İtaliya ilə strateji tərəfdaşlıq

Sammit çərçivəsində İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş də diqqətəlayiq oldu. Azərbaycanla İtaliyanın strateji tərəfdaşlıq əlaqələrinin sürətlə inkişaf etməsi, enerji əməkdaşlığının möhkəmlənməsi və mədəni-humanitar sahədə layihələrin genişlənməsi bu görüşdə bir daha təsdiq olundu. Xüsusilə də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpusunun fəaliyyətə başlaması iki ölkə arasında humanitar əməkdaşlığın parlaq nümunəsi kimi dəyərləndirilə bilər.

İlham Əliyev-Zelenski görüşü: Sülh gündəliyi və humanitar xətt

Kopenhagendə baş tutan görüş iki mühüm xətt üzərində cəmləşdi: Ermənistan-Azərbaycan sülh prosesinə verilən dəstək və humanitar əməkdaşlıq. Zelenskinin Vaşinqton nəticələrinə görə İlham Əliyevi təbrik etməsi, Azərbaycanın isə prosesin tarixi əhəmiyyətini vurğulaması göstərir ki, Bakı regionda sabitliyin təmin olunmasına strateji məsuliyyətlə yanaşır. Paralel olaraq Azərbaycanın Ukraynaya, xüsusən də uşaqlara yönəlik humanitar dəstəyi bu əlaqələrin siyasi çərçivədən kənara çıxaraq sosial dəyərlərə söykəndiyini təsdiqləyir. Enerji əməkdaşlığı ilə bağlı müzakirələr isə münasibətlərə praktik ölçü qatır.

Artıq sülh mövcuddur

Niderland Baş naziri Dik Sxofla danışıqlarda əsas vurğu Vaşinqton Bəyannaməsinin əhəmiyyəti və regionda yeni reallıqlar üzərində oldu. İlham Əliyevin “artıq sülh mövcuddur” mesajı həm regional, həm də beynəlxalq oyunçular üçün mühüm siqnaldır. Eyni zamanda Niderland şirkətlərinin gəmiçilik, enerji, kənd təsərrüfatı və şəhərsalma sahələrində fəaliyyəti Bakının Qərb tərəfdaşları ilə iqtisadi əlaqələri dərinləşdirmək niyyətini göstərir. COP29-la bağlı təbriklər isə Azərbaycanın iqlim gündəliyində mərkəzi oyunçu kimi qəbul edildiyini nümayiş etdirir.

İlham Əliyev-Makron görüşü: Münasibətlərin normallaşma fonunda yeni mərhələ

Fransa ilə görüşdə diqqət mərkəzində sülh gündəliyi dayandı. Makronun dəstəyi və Əliyevin prosesin tarixi mahiyyətini vurğulaması göstərir ki, Paris də regionda sülhün dönməzliyini qəbul etməkdədir. Bununla yanaşı, görüşdə Azərbaycan-Fransa münasibətlərinin perspektivləri müzakirə olundu ki, bu da siyasi münasibətlərin gərgin fonundan daha çox əməkdaşlıq müstəvisinə keçirilməsinə cəhd kimi qəbul edilir.

Nəticə etibarı ilə Prezident İlham Əliyevin Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısındakı fəaliyyəti Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir və ölkəmizin həm Avropa, həm də regional siyasətdə vacib oyunçu olduğunu bir daha nümayiş etdirir.

Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanla görüş sülh gündəliyinin irəliləməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu görüş bir daha göstərdi ki, Azərbaycan regionda sabitliyin, inkişafın və əməkdaşlığın təmin olunması üçün konstruktiv mövqe sərgiləyir.

Beləliklə, Kopenhagendə keçirilən bu Zirvə Azərbaycanın regional sülhün təşviqi, Avropanın enerji təhlükəsizliyi və strateji nəqliyyat marşrutlarının inkişafında oynadığı rolun beynəlxalq aləmdə bir daha tanındığı mühüm siyasi hadisə kimi tarixə düşdü.

Nicat Quliyev,
Naxçıvan Televiziyasının baş redaktoru

Seçilən
17
50
ikisahil.az

10Mənbələr