AZ

Gürcüstanda yerli seçkiləri 28 beynəlxalq təşkilat müşahidə edəcək

Gürcüstanda sabah keçiriləcək yerli seçkiləri 28 beynəlxalq və 27 yerli müşahidə təşkilatı izləyəcək.

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, səsvermə prosesini Gürcüstandakı müxtəlif ölkələrin səfirliklərinin və 21 ölkənin MSK nümayəndələri də müşahidə edəcəklər.

MSK sədri seçkiləri işıqlandırmaq üçün 73 media qurumunu təmsil edən minə yaxın nümayəndənin qeydiyyatdan keçdiyini deyib.

Qeyd edək ki, seçkilərdə 12 partiya iştirak edir. Seçicilər növbəti dörd il müddətinə Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və bələdiyyələrə üzvlər seçəcəklər.

Gürcüstan üzrə 3 061 seçki məntəqəsi yaradılıb ki, onlardan 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada keçiriləcək. Penitensiar müəssisələrdə isə 10 seçki məntəqəsi açılıb.

Seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir. Onların 3 130 348 nəfəri elektron texnologiyalardan istifadə etməklə səs verəcək.

Seçilən
11
apa.az

1Mənbələr