AZ

Oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Hər il oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd edilir. SİA xəbər verir ki, bu əlamətdar gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən qeyd edilir.

Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır.

Təqdirəlayiq haldır ki, 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlət Başçılarının IX Zirvə görüşünə məhz ölkəmizin ev sahibliyi etməsi və mühüm tarixi sənədlərin imzalanması türk dövlət və xalqlarının ictimai-siyasi həyatında mühüm tarixi səhifə açıb. Bu mühüm strateji əhəmiyyətli tədbirin tarixi mədəni irsi ilə zəngin olan Naxçıvanda keçirilməsi də xüsusi əhəmiyyət daşıyırdı.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan liderlərinin Naxçıvanda iştirak etdikləri Zirvə görüşü bir sıra mühüm qərarlarla yadda qalıb. Məhz həmin toplantıda çıxış edən Prezident İlham Əliyev türkdilli dövlət rəhbərlərinin 1992-ci ildə keçirilmiş ilk Zirvə görüşünü xatırladaraq ötən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlığın möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini bəyan etmişdi. Dövlətimizin başçısı, həmçinin bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu xatırlatmışdı.

Naxçıvan Zirvə görüşündə ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə təkliflərin səsləndirilməsi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş, habelə Naxçıvan Bəyannaməsinin imzalanması mühüm tarixi hadisə oldu. Ona görə hər il oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd edilir.

TDT-in öz vəzifələrini yerinə yetirməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün müxtəlif strukturlar - Dövlət Başçıları Şurası; Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Baş Katiblik, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası, Türk Biznes Şurası formalaşdırılıb.

Seçilən
18
6
sia.az

7Mənbələr