AZ

Azərbaycan təhsilinin inkişafına yeni bir töhfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev: “Əminəm ki,İtaliya-Azərbaycan Universitetinin ələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq, universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Burada beynəlmiləl müəllim heyəti çalışır, həm İtaliyadan, həm Azərbaycandan. Burada oxuyan və məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Burada bir çox məqsədlər təmin ediləcək. İlk növbədə, Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə güclü kadr potensialı yaradılacaq. Bizim təhsil sahəsinin təkmilləşməsi məsələləri öz həllini tapacaq. Biz ən müasir və mütərəqqi təhsil sisteminə qoşulacağıq və eyni zamanda, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə dostluq əlaqələrimiz daha da güclənəcək.

İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.

İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.

Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanası isə dərslərin praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb.

İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.

Bəhman Hüseynov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Seçilən
28
veteninfo.az

1Mənbələr