AFFA-nın təşkilatçılığı, UEFA və "EA Sports" şirkətinin dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Naxçıvan mərkəzi stadionunda 10-13 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.
İdman.biz xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov, Naxçıvan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Taleh İbrahimov, Naxçıvan şəhər icra hakimiyyətinin başçısının müavini Gülxanım Orucova, Naxçıvan Təhsil Nazirliyinin nümayəndəsi Səfər Tağıyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirakçılara xoş arzularını çatdırıb, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Festivalda 100-dən çox uşaq futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Tədbirin sonunda Naxçıvan Futbol Federasiyasının və AFFA-nın rəsmi şəxsləri hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə ediblər.