AZ

Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi Dövlət resurslarının ailə marjasına transferi…

Tribuna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qısa arayış: 2020-ci ilin iyulunda Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri postuna təyin olunan C.Bayramov hələ də təhsil sisteminin “kölgə patronu” sayılır. Nazir E.Əmrullayevin təhsil sektorunda maliyyə məsələlərinə görə məhz ona hesabat verdiyi bildirilir. Təhsil sahəsində iri maliyyə layihələri hələ də məhz onun təsir dairəsində formalaşır.

Bu il sentyabrın 29-da Elm və Təhsil naziri Emin Əmrullayev yerli mediaya açıqlamasında “məktəb avtobusları layihəsi”nin başlayacağını elan etdi. Oktyabrın 1-dən etibarən dövlət və özəl sektorun birgə təşəbbüsü kimi həyata keçirilən “2school” adlı layihə barədə danışan nazir yalnız kosmetik məqamlara toxundu və layihənin əsl müəllifi olan “özəl sektor”un kimlərə məxsus olduğu barədə heç bir ifadə işlətmədi.

Təhsilin mövcud durumunu nəzərə alsaq, bu layihənin əsas məqsədinin “uşaqların təhlükəsiz daşınması” deyil, daha çox pul qazanmaq olduğu heç bir şübhə doğurmur. Layihə ilkin mərhələdə 11 məktəbi və 1200 şagirdi əhatə edir, aylıq ödəniş isə 80–240 manat arasında dəyişir. Bu rəqəm sosial xidmət deyil, kommersiya yönümlü model təsəvvürü yaradır.

Məktəblilərin daşınması layihəsini “SABAH.HUB” İnnovasiya Mərkəzi həyata keçirir. Mərkəzin Baş icraçı direktoru isə Xarici İşlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır.

Valideynlər R.Bayramlının bu layihədən yüksək gəlir əldə etmək həvəsinə sərt reaksiya veriblər. Narazılıqlar təkcə sosial şəbəkələrdə fərdi şəkildə ifadə olunmayıb, həm də bu narazılıqlar xaricdən idarə olunan müxalif platformalarda da işıqlandırılıb. Hər kəs narazı formada sual edir:

– Xidmətin qiyməti ailə büdcəsinə uyğundurmu?

– Alternativ nəqliyyatla müqayisədə fərq əsaslandırılıbmı?

– Təhlükəsizlik və keyfiyyət standartları açıqlanıbmı?

Təhsil sektorunda dövlət-özəl layihələrə kimlər və hansı meyarlarla cəlb olunur?

Nazir oğlu Təhsil İnstitutunun nəzdində yaradılmış “Sabah.lab” MMC-nin icraçı direktoru kimi təhsil sahəsini illərdir əsas gəlir mənbəyinə çevirib.

Bəs, XİN rəhəbrinin ailə üzvünə məxsus olan şirkət ilkin mərhələdə 1200 məktəblinin daşınmasından nə qədər vəsait əldə etməyi hədəfləyir? Aylıq orta hesabla 150 manat ödənişlə bu, təxminən 180 min manat edir.

Heç şübhəsiz ki, Rəhim Bayramlının özəl sektorda “uğurlu biznesmen” kimi təqdim olunaraq, yüksək gəlirli layihələrə rəhbərlik etməsi atası C.Bayramovun səyləri nəticəsində mümkün olur. O, biznes qurmaq üçün sərmayəni haradan əldə etdiyini demir və müxtəlif görüşlərdə və tədbirlərdə özünü “ən uğurlu biznesmen” kimi qələmə verir.

Amma mənə maraqlıdır, bu qədər pul Azərbaycan dövlətinin əsas imic fiqurlarından hesab olunan XİN rəhbərinin nəyinə lazımdır?

Görünür, C.Bayramov nazir postundan şəxsi və ailə maraqları üçün iqtisadi rıçaq kimi istifadə edir.

Bu, Bayramovlar ailəsinə yüksək gəlirlər gətirən yeganə layihə deyil. Hüquq, tikinti, təhsil, logistika və s. sahələrinə qədər uzanan nəhəng biznes şəbəkəsindən söhbət gedir.

Atasının əlaqələri və vəsaiti hesabına London İqtisadiyyat Məktəbində təhsil alan R.Bayramovun patronajlığı altında fəaliyyət göstərən yüksək gəlirli şirkətlərin bir qismi bunlardır:

– “Push30”

– “LANDAU School”

– “Integrity Group”

– “SABAH.fund” (25 mln dollarlıq vençur fondu)

“OMNİ” hüquq şirkəti də hüquq şirkəti Bayramovlar ailəsinin əsas maliyyə resurslarından hesab olunur.

Bu təşkilatların əksəriyyəti dövlət resursları və əlaqələri ilə yanaşı fəaliyyət göstərir. Dövlət sektorunda strateji vəzifə daşıyan şəxslərin, konkret olaraq, C.Bayramovun ailə üzvləri dövlətlə tərəfdaşlıq layihələrindən gəlir əldə etdikdə, bu proses hansı şəffaflıq standartları ilə tənzimlənir?

Hələ 2024-cü ilin avqust ayının 19-da “SABAH.HUB” İnnovasiya Mərkəzi 25 milyon dollarlıq vençur kapital fondu olan “SABAH.fund”ın yaradılmasını elan etmişdi. “SABAH.fund”ın əsas investorları arasında isə “Moonwake Investment”, SOCAR, “Integrity Group”, Azərbaycan İnvestisiya Şirkəti və digər şirkətlər yer alır.

Sual açıq qalır: XİN rəhbəri C.Bayramov niyə öz birbaşa səlahiyyət sahəsi ilə məşğul olmaq əvəzinə təhsil sektorunda daşınma xidmətlərindən gəlir götürməyə çalışır?

“2school” layihəsi nəqliyyat xidməti kimi təqdim edilsə də, ilkin mərhələdə formalaşan maliyyə göstəriciləri və nazir ailəsinə məxsus olması göstərir ki, bu layihə sosial təşəbbüs yox, daha çox kommersiya platformasıdır. Bayramovlar daha çox qazanmaq üçün yeni layihə icad ediblər.

Layihənin hər hansı bir şəkildə hüquqi və iqtisadi əsaslandırılması barədə ictimai hesabatlılığın olmaması C.Bayramovun özünü “toxunulmaz” hiss etməsinin əsas göstəricisidir. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olardı.

XİN rəhbəri kimi strateji post daşıyan C.Bayramovun ölkə üçün həssas olan indiki situasiyada əlindəki rıçaqları pul qazanmağa yönəltməsi Azərbaycan dövlətinin strateji hədəfləri ilə daban-dabana ziddir.

Müəllif: Samir Feyruzov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
4
tribunainfo.az

6Mənbələr