AZ

“Müəllimlik sadəcə peşə deyil, həyat tərzidir” Afət Abuşova ilə müsahibə

News365.az Bakı Dövlət Universitetinin Gənc İstedadlar Liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Abuşova ilə Müəllimlər Günü münasibətilə söhbətləşib.

Afət müəllim bildirib ki, müəllimlik onun üçün sadəcə bir peşə deyil, həyatın özü ilə bağlı bir missiyadır:

Müəllimlər Günü əslində sadəcə bir gün deyil. Bu, sadəcə bir peşə günü olmaqdan əlavə, mənim indiyə qədər gəlib çatdığım 18 illik müəllim həyatımda önəmli bir gündür, mənim müəllimliyimi dərk etdiyim gündür. Düşünürəm ki, əslində müəllimin xüsusi günü olmur. Müəllim hər gün müəllim olmalıdır. Çörək yeyəndə də müəllim olmalıdır, nəfəs alanda da müəllim olmalıdır. Həyat özü müəllimdir, bizi də həyat yetişdirir. Eyni zamanda şagirdləri də təkcə hər hansı bir dil qaydası ilə deyil, həyatın özünə silahlandırmalıyıq. Burada da müəllimlik missiyamız öz sözünü deməlidir.

Mən ibtidai sinif müəllimi deyiləm, amma fərqi yoxdur. Müəyyən dövrlərdə Bakı Dövlət Universitetinin özündə də dərs demişəm və düşünürəm ki, birinci və ikinci kurslarda, hətta üçüncü kursda da tədrislərim olub. Mənim qənaətimcə, psixoloq olmaq, müəllimlik, pedaqogika və psixologiya bir-birinə bağlı anlayışlardır. Yaşından asılı olmayaraq hər bir insanın sevgiyə, qayğıya, mərhəmətə, ünsiyyətə və anlaşılmağa ehtiyacı var. Mənim gördüyüm iş də xarakterimlə üst-üstə düşür. Xarakterimdə insanlarla qarşılıqlı anlaşmaya meyillilik, problemi yaratmaqdan çox onun həlli yolunda addımlar atmaq xüsusiyyətlərim var. Ona görə də düşünürəm ki, hər bir müəllim, fərq etmədən hansı yaşda və hansı siniflərdə dərs deməsindən asılı olmayaraq, psixoloq olmağı bacarmalıdır. Əslində, bu, insanlıq peşəsidir.

Peşəmdən heç vaxt yorulmamışam, bezməmişəm. Amma hər bir işin müəyyən çətinlikləri var. Fiziki yorğunluq olur, bu da dincəlmək istəyi yaradır. Bəzən bir qədər mühitdən uzaqlaşmaq lazım olur. Amma bu, hər peşədə ola biləcək haldır. Mən hansı peşədə olsaydım, insan fiziki yorğunluq yaşayırsa, istirahət etmək istəyəcəkdi. Bizim 56 günlük yay tətilimiz var, həmin müddətdə dincəlirəm. Amma peşəmdən heç vaxt bezməmişəm. Əksinə, tələbələrimizin uğurunu gördükcə yorğunluğum aradan qalxır.

Mənim üçün ən böyük motivasiya uşaqlardır. Mən uşaqları çox sevirəm – düşünə biləcəyiniz qədər, düşünə bilməyəcəyiniz qədər. Mənə görə uşaqlar dünyanın varlığıdır. Hər şey uşaqlardan başlayır. Biz necə bir həyat təmin ediriksə, onların gələcəkdə yaşadığı həyatda bizim zərrə qədər də olsa qatqımız olur. Amma müəllimlik elə bir peşədir ki, burada müəllimin rolu zərrədən qat-qat böyükdür. Ona görə də ən böyük motivasiya uşaqların özüdür.

Səmimi etiraf edirəm ki, bəzən sinifə girəndə, xüsusilə 5-ci və 6-cı siniflərdə oxuyan o balaca uşaqların sənə yönəltdiyi ümid dolu baxışları görəndə, onların arzuladıqlarını, istəklərini hiss edəndə, əlimdə olan bütün imkanları onlara sərf etmək istəyirəm. Həmin an öz dərdlərini, problemlərini unudursan. Çünki uşaqlarla işləmək çox gözəl və çox dəyərlidir.

Mənə görə müəllim olmaq üçün ən vacib şərt uşaqları sevməkdir. Elə insanlar da var ki, onların ruhu da uşaq kimidir. Mənim tələbələrim olub ki, o qədər uşaq ruhlu olublar. Onların da eyni qayğıya, eyni sevgiyə, balaca uşaq kimi ehtiyacı olub. Ona görə də bir mənalı şəkildə deyirəm ki, mənim motivasiyam və sevinclərim şagirdlərimdir.

Mənə ünvanladığınız suallara ürəkdən cavab verdim. Çalışdım ki, istədiyiniz kimi olsun. Əsas məsələ səmimi olmaqdır. Mən də səmimi oldum. Çox sağ olun, təşəkkür edirəm.

Seçilən
6
news365.az

1Mənbələr