AZ

İctimai nəqliyyatda qiymətlər artdı: Bəs güzəştlər niyə yoxdur?

Dünyada ictimai nəqliyyatın tamamilə pulsuz və yaxud müxtəlif güzəştlərin tətbiq edildiyi bir sıra ölkələr var.

Bu, həm vətəndaşlara sosial dəstək, həm də insanların şəxsi avtomobildən az istifadə etməsinə, beləliklə də hava çirkliliyinin qarşısının azaldılmasına xidmət edir.

Məsələn, Lüksemburq 2020-ci ildən bütün ölkə üzrə avtobus, metro və qatarları pulsuz edib. Bu, həm yerli sakinlər, həm də turistlər üçün böyük üstünlük sayılır.

Estoniyanın paytaxtı Tallin də 2013-cü ildən sakinlər üçün pulsuz ictimai nəqliyyata keçib. Burada yaşayanlar sadəcə şəhərdə qeydiyyatda olduqlarını təsdiqləyən kartla hərəkət edə bilirlər.

Endirimdən yararlanmaq üçün tələbə statusunu göstərən kartın təqdim olunması kifayət edir. Çexiyada “season ticket” adlanan müddətli abunə kartlar var ki, tələbələrə həm şəhərdaxili, həm də şəhərlərarası nəqliyyatda sərfəli səyahət imkanı verir.

Birləşmiş Ərəb Əmirliklərində tələbələr “Student NOL Card” adlı tələbə kartı vasitəsilə metro, avtobus və digər ictimai nəqliyyat növlərində endirimlərdən faydalanırlar.

Türkiyənin böyük şəhərlərində də tələbələr üçün xüsusi kartlar mövcuddur. Məsələn, İstanbul, Ankara və İzmir kimi şəhərlərdə tələbə kartları ilə bir aylıq limitsiz ictimai nəqliyyatdan istifadə və ya müəyyən sayda keçid əldə etmək mümkündür.

Qonşu Gürcüstanda bu sahədə müxtəlif güzəştlər tətbiq olunur. Məsələn, 70 yaşdan yuxarı təqaüdçülər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Tələbələr üçün isə gediş haqqı cəmi 20 tetri, yəni təxminən 12 qəpikdir. 

Xaricilər üçün ödəniş 1.50 laridir. Uşaqlar 18 yaşa qədər ictimai nəqliyyatdan “school card” ilə tam pulsuz yararlanır. İstənilən bank kartı ölkədə keçərlidir. Bir dəfə ödənilən 1 lari, təxminən 60 qəpik məbləğ 90 dəqiqə ərzində metro, avtobusda keçərlidir. 

Azərbaycanda oktyabrın 1-dən etibarən bəzi marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub. Hazırda isə ictimai nəqliyyatda heç bir güzəşt kartı tətbiq edilmir. Ölkəmizdə ictimai nəqliyyatda limitsiz kartların tətbiqi nəzərdə tutulurmu?   

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Cebheinfo.az”-a bildirilib ki, güzəştli gediş haqlarının tətbiqi və müxtəlif növ ödənişlər üçün ictimai nəqliyyatda nağdsız ödənişlərə keçid tam təmin edilməlidir:

“Sözügedən güzəştlərin tətbiqi məsələsinə yalnız nağdsız ödənişlərə tam keçid təmin olunduqdan sonra baxıla bilər.

Tarif dəyişikliyi sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidi sürətləndirir”.

Beləliklə, ümid bütün ictimai nəqliyyatlarda kart sisteminin tətbiqinə qalıb. Bu sistemin tətbiqi özü ilə birgə hansı güzəştləri gətirəcəyi isə hələlik sual altındadır.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr