Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son illər Masazırda intensiv tikinti işləri aparılır. Addımbaşı yeni binalara rast gəlinir. Amma həmin tikililərdən mənzil alan sakinlərin sevinci çox da uzun çəkmir. Çünki belə binaların bir çoxunun nə qarajı, nə həyətyanı sahəsi, nə də oyun meydançası var.
Həmçinin qəsəbədə binaların sıx tikilməsi təhlükəsizlik baxımından da sual doğurur. Mütəxəssislər bildirirlər ki, şəhərsalma normalarına uyğun olaraq yeni binalar üçün parklanma və yaşıllıq zolağı nəzərdə tutulmalıdır. Əslində, 2018-ci ildən başlayaraq Bakı, Abşeron və digər ərazilərdə kütləvi inşaat prosesləri dayandırılıb. Məqsəd şəhərin xarici görünüşünü pozan normativlərin aradan qaldırılmasıdır.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, bundan sui-istifadə edən şəxslər də olub. Onlar hər hansı fərdi binanın inşası ilə bağlı icazələr alıblar, lakin icazələri aldıqdan sonra həmin bir neçə mərtəbədən olan binaları sataraq mənzil şəklində müəyyən qazanc əldə ediblər: "Bu kimi tikililərə hazırda Bakı şəhərinə yaxın olan Masazır qəsəbəsi, Abşeron rayonunun digər əraziləri və Bakının bəzi rayonlarında rast gəlinir. İnşaat normalarında müəyyən boşluqlar var ki, bəzi işbazlar həmin boşluqdan istifadə edirlər".
Mövcud problemlərlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, əhalinin sürətli artımı və intensiv tikinti fonunda bəzi hallarda problemlər yarana bilir: "Bu səbəbdən son illərdə təsdiqlənən layihələrdə parklanma məsələsinə, istirahət zonalarının yaradılmasına və sosial infrastrukturun təmin edilməsinə xüsusi diqqət ayrılır. Sıxlıq probleminə düzgün yanaşılmadığı halda gələcəkdə nəqliyyat yüklənməsi, ekoloji tarazlığın pozulması, insanların istirahət imkanlarının məhdudlaşması kimi fəsadlar yarana bilər. Buna görə də müasir şəhərsalma tələblərinə uyğun olaraq Masazırda tikilən binalarda ictimai məkanların, yaşıllıq zonalarının artırılması prioritet istiqamət kimi qarşıya qoyulub. Tikinti icazələrinin verilməsi prosesi aidiyyəti qurumlarla razılaşdırılmaqla aparılır və yalnız şəhərsalma normalarına uyğun layihələr təsdiq olunur".
Daha ətraflı Baku TV-nin süjetində:
Masazırda TİKİNTİ QANUNSUZLUĞU: "Binaların nə qarajı, nə də həyəti var"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.