AZ

“Neftçi”nin futbolçusu: “Bu oyunu hakimin ayağına yazmaq olar” - MÜSAHİBƏ

“Neftçi” Azərbaycan Premyer Liqasının VII turunda səfərdə “Zirə” ilə 2:2 hesablı heç-heçə etdi. Oyundan sonra “ağ-qaralar”ın futbolçusu Elvin Camalov Teleqraf-a müsahibə verib.
30 yaşlı yarımmüdafiəçi bərabərliklə yekunlaşan oyun, matçda qeydə alınan mübahisəli qərarlar, həm də Azərbaycan milli komandası barədə sualları cavablandırıb:

- “Zirə” ilə səfərdə qazanılan 1 xalı necə dəyərləndirirsiniz?
- Oyunun ilk hissəsində istədiyimiz səviyyədə çıxış etmədik. Amma ikinci hissə bizim ən yaxşı oyunlarımızdan biri oldu. Geridönüş edərək hesabı bərabərləşdirdik. Sadəcə, son dəqiqələrdə verilən penalti bütün planları dəyişdi.

- Bütün futbol ictimaiyyəti penalti 90+5-ci dəqiqədə qapınıza təyin olunan penaltidən danışır. Baş hakim Kamal Umudlunun qərarı barədə siz necə düşünürsünüz?
- Bu barədə baş məşqçimiz də artıq danışıb. Biz də epizodun təkrarına baxdıq. VAR işləmədi, sadəcə şəkil çıxarıb qərar verdilər ki, penalti var. Məncə, ümumi epizoda baxılmalı idi. Ondan əvvəl komanda yoldaşın Alessio Kurçinin epizodu var idi, amma ona baxılmadı və qapımıza penalti verildi. Düşünürəm, hakimlərin idarəçiliyi ədalətli deyildi. Çox məyusuq. Qalib gələcəyimiz oyun idi, amma 3 xal itirdik. Ardıcıl neçənci bərabərliyimizdir. Biz də istəyirdik bu tilsimi qıraq və qələbə qazanaq. Bu oyunu hakimin ayağına yazmaq olar.

- Qarşıdan milli fasilə gəlir. Sizcə, bu, komandaya necə təsir edəcək?
-
Hər oyuna olduğu kimi bu matça da ciddi hazırlaşmışdıq. Komanda olaraq yaxşı çıxış etdik. Fasilədən maksimum yararlanmalıyıq. Meydanda daha çox mübarizə aparmaq, elə oyun göstərmək lazımdır ki, hakimlərə fürsət yaranmasın ki, xırda və düzgün olmayan qərarlarla xalımızı əlimizdən alsınlar.

- Milli üzvü olaraq Fransa və Ukrayna ilə oyunlara dəvət gözləyirsiniz?
- Əlbəttə, hər futbolçu kimi mən də milliyə dəvət gözləyirəm. Amma real danışaq, bu mövsüm çox az oyun şansım olub. Düşünmürəm ki, çağırılayım. Amma dəvət alsam, millidə can-başla mübarizə apararam.

- Azərbaycan millisinin üzvü olaraq, yeni baş məşqçisi Ayxan Abbasovun təyinatı barədə fikirləriniz?
-
Millidə yerli mütəxəssisin olması çox müsbət haldır. Bu həm futbolçular, həm də milli ruh baxımından önəmlidir. Düşünürəm ki, milli komanda qarşıdakı oyunlarda yaxşı nəticə göstərib bizi sevindirəcək.

- Yığma ilə ötən ay vidalaşan Fernandu Santuşun rəhbərliyi altında siz də oynamısınız. Onun baş məşqçiliyini necə xarakterizə edərdiniz?

- Gedənin arxasınca danışmazlar. Amma Santuş məni dəvət edib, hətta bir dəfə kapitanlıq da verib. Sadəcə, necə ki, “Neftçi” bəxtsizlik yaşayır və tilsimi qıra bilmirsə, Santuşun da bəxti gətirmədi. O, məşqçi kimi tanınmış mütəxəssisdir. Sadəcə bizdə alınmadı.

- Yaddaşınızda necə məşqçi kimi qaldı?

- Mənim yaddaşımda pis qalmayıb. Çağırılmayan oyunçu deyəcək ki, pisdir, digəri üçün isə yaxşıdır. Əsas odur ki, millimiz nəticə qazanmalı, yaxşı yerdə olmalıdır. Azərbaycan xalqı bu gün “Qarabağ”ın uğurlarına necə sevinirsə, biz də bir olub millinin nəticələrinə sevinməliyik. Mənim olub-olmamağım fərq etmir.

- Millinin futbolçuları klublarında çox da şans qazanmır. Legioner limitinin aradan qalxması buna təsir edibmi?

- Limit olanda da mübarizə aparırdıq, olmayanda da. Limitin üstünlüyü o idi ki, rəqib səndən 10 faiz güclü olsa da, seçilmə ehtimalın vardı. İndi isə legioner gətiriblərsə və seçim 50/50-dirsə, çox vaxt üstünlük onlara verilir.

- Mütəxəssislər deyir ki, milliyə çağıracaq futbolçu tapılmır. Bu fikirlə razısınızmı?

- Legioner limitinin aradan qalxmasının mənfi təsiri var. Amma yenə də klublarında oyun şansı qazanan futbolçular tapmaq olur. Məncə, milliyə çağırılacaq gənclər də var. Yəqin ki, bu məsələlər zamanla düzələr.

- “Neftçi” hazırda 8 xalla tutnir cədvəlinin 8-ci pilləsində yer alır. Sizcə, çempionluq hədəfi qalırmı?

- Əlbəttə, “Neftçi” hamımızın komandasıdır. Hamı istəyir ki, “Neftçi”ni zirvədə görsün. Bu heç-heçələrdən qurtula bilsək, ardı gələcək. İndidən sonra daha çox motivasiya olmalıdır ki, təkcə rəqibə qarşı yox, özümüz üçün də oynayaq. Hər oyunun öz axarı var, nəticələr bəzən gözlənilməz olur. Amma məqsədimiz “Neftçi”ni yuxarılara daşımaqdır. İnanırıq ki, yaxın gələcəkdə bu, mümkün olacaq.

Seçilən
68
1
teleqraf.com

2Mənbələr