AZ

“Putin müharibəni necə yekunlaşdıracağını bilmir” “Başqa alternativ görmür”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin “Valday” konfransındakı çıxışını şərh edib. O, xatırladıb ki, Putin Ukraynaya qarşı müharibə mövzusunda çox az danışıb və yalnız “ordumuz bütün istiqamətlərdə irəliləyir” sözlərini işlədib. 

Ekspertin sözlərinə görə, Kreml rəhbəri bu irəliləyişin hansı böyük itkilər hesabına baş verdiyi barədə danışmaqdan yayınır: “Putin müharibəyə başlamaq əmrini verib, amma onu necə yekunlaşdıracağını bilmir. Gələn ilin fevralında 4-cü ili tamam olacaq müharibəni davam etdirməkdən başqa alternativ görmür”.

Politoloq qeyd edib ki, Putin çıxışında Qərbin hegemonluğunun başa çatdığını vurğulayıb: “Putin dedi ki, ABŞ artıq tək hakim deyil, Qərbin hökmranlıq dövrü bitib, indi Asiya dövrüdür. Birqütblü dünya sona yaxınlaşır. Buna misal olaraq da Rusiyanın müxtəlif dövlətlərlə yaratdığı təşkilatları göstərdi”.

E. Şahinoğlu vurğulayıb ki, Putin amerikalı həmkarı Donald Tramp haqqında xoş sözlər desə də, əslində NATO-ya ünvanlanan mesajında Trampın ifadəsindən istifadə edib: “Putin dedi ki, əgər NATO bizi ‘kağız pələngi’ adlandırırsa, bəs niyə məğlub edə bilmir? Halbuki bu ifadəni NATO rəhbərliyi deyil, Donald Tramp səsləndirmişdi”.

Politoloq əlavə edib ki, Putin ABŞ və NATO rəhbərliyinə 2000-ci illərdə səsləndirdiyi təklifi də xatırladıb: “Putin dedi ki, 2000-ci ildə ABŞ-ın keçmiş prezidenti Bill Klintona Rusiyanın NATO-ya üzv qəbul olunmasını təklif edib. Klinton əvvəlcə razılaşıb, lakin müşavirlərinin məsləhəti ilə bundan imtina edib. Putin bununla demək istəyir ki, əgər Rusiya NATO-ya üzv qəbul edilsəydi, beynəlxalq aləmdə indiki gərginlik olmayacaqdı”.

Elxan Şahinoğlu hesab edir ki, əslində Rusiya NATO-ya üzv qəbul olunsaydı belə, bu, Moskvanı müharibələrdən çəkindirməyəcəkdi: “Putin bu təklifi səsləndirməzdən əvvəl ikinci Çeçenistan müharibəsinə başlamışdı və minlərlə mülki insan həlak olmuşdu. Rusiya NATO üzvü olsaydı belə, 2008-ci ildə Gürcüstanla müharibədən, 2014-cü ildə Krımı ilhaq etməkdən və 2022-ci ildə Ukraynaya qarşı müharibədən çəkinəcəyini söyləmək çətindir. NATO-da qərarlar konsensusla qəbul olunur. Rusiya ümumi qərarlara tabe olacaqdımı? Əksinə, NATO-ya üzv olduqdan sonra təşkilat daxilində tərəfdar qrupları formalaşdırmağa çalışacaq və bu da blokun içəridən dağılmasına səbəb olacaqdı. Buna görə də Klintonun müşavirləri Putinə ‘yox’ cavabı veriblər”.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr