AZ

Oğlunu hərbi xidmətə yola salan generalla bağlı maraqlı məlumatlar - Xəlilov kimdir?

General-mayor Vasif Xəlilovun oğlunu hərbi xidmətə yola salarkən çəkilmiş görüntülər sosial şəbəkələrdə trendə çevrilib. Kadrlarda generalın hərbi formada görünməsi birmənalı qarşılanmayıb. Belə ki, bəzi istifadəçilər bunu onun xidmətdə olması ilə əlaqələndirsə də, digərləri hadisəni nümayiş xarakterli addım kimi qiymətləndiriblər. Sosial mediada yaranan bu müzakirələr cəmiyyətdə vəzifəli şəxslərin övladlarının hərbi xidmətə münasibəti mövzusunu yenidən gündəmə gətirib.

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Vasif Xəlilovun hərəkəti müsbət bir hadisədir:

“O, öz oğlunu hərbi xidmətə yola salıb. Özü də Vətən müharibəsində iştirak etmiş bir zabit olub. Bu, həm simvolik, həm də ictimai baxımdan təqdirəlayiq bir addımdır. Son illərə qədər biz hətta kiçik vəzifə sahiblərinin belə övladlarını hərbi xidmətdən və toplanışlardan yayındırdığına dair çoxsaylı etirazlarla rastlaşırdıq. İndi isə tam əksinə, nümunəvi bir davranışla qarşılaşırıq. Belə halların artması, cəmiyyət üçün müsbət tendensiyadır. Digər vəzifəli şəxslər də övladlarını hərbi xidmətə yola salmaqla bu nümunəni davam etdirməlidirlər. Burada qətiyyən tənqid olunacaq bir məqam yoxdur. Əksinə, hər bir ata kimi Vasif Xəlilov da vətəndaşlıq borcunu yerinə yetirən övladına dəstək göstərib”. Sezar pizza

Ə.Verdiyevin sözlərinə görə, Vasif Xəlilov əvvəllər Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində çalışıb:

“Vasif Xəlilov dövlət qarşısında mühüm xidmətləri ilə tanınır. Hazırda isə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisidir. Onun hərbi geyimdə oğlunu xidmətə yola salması da təbiidir. Bəli, yola salmağa mülki geyimdə gələ bilərdi. Amma görünür ki, o, xidmətdə olan bir zabit kimi bu mərasimdən sonra yenidən vəzifəsinin başına qayıdıb. Bu addım, təkcə bir ata jesti deyil, həm də cəmiyyətə verilən mühüm mesajdır: dövlət qarşısında borc hamı üçün eynidir”.

Ədalət Verdiyev

Qeyd edək ki, Vasif Xəlilov 26 oktyabr 1974-cü ildə Quba rayonunun Zərqava kəndində anadan olub. O, 1992-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib. 2005-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını, 2021-ci ildə isə Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu müvəffəqiyyətlə tamamlayıb.

V.Xəlilov 2005-ci ildən 2016-cı ilin dekabr ayınadək cəbhə bölgəsində xidmət edib. 2020-ci ildə Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl, Zəngilan və Füzuli istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib.

2022-ci ilədək müxtəlif vəzifələrdə xidmət edib, taqım komandirindən şöbə rəisi vəzifəsinədək yüksəlib. 2022–2024-cü illərdə xüsusi xidmət orqanlarında idarə rəisi vəzifəsində çalışıb. Xüsusi xidmət orqanlarında fəaliyyəti dövründə lokal antiterror əməliyyatlarında da iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021 tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, iki dəfə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 2025-ci ilin 25 iyun tarixində Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.


Telegram kanalımız
Seçilən
7
7
yenisabah.az

8Mənbələr