AZ

Qaraciyərin səssiz düşməni: Hepatit

Hepatit, yaxud xalq arasında “sarılıq” kimi tanınan bu xəstəlik, dünyada milyonlarla insanı təsirləndirən ciddi infeksiyadır. Əksər hallarda heç bir əlamət vermədən inkişaf edən hepatitin bir neçə növü mövcuddur, onların içərisində isə ən çox yayılan hepatit B-dir.

E-saglam.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hazırda təxminən 350 milyon insan hepatit B virusu daşıyır. Hər il 1 milyondan çox insan hepatitin ağırlaşmaları səbəbindən həyatını itirir. Azərbaycanda və region ölkələrində də hepatit B və C hələ də geniş yayılıb.

Hepatit nədən yaranır?

Prof. Dr. Funda Şimşek (Cemil Taşcıoğlu Şəhər Xəstəxanası) bildirir ki, hepatit — qaraciyərin iltihabi xəstəliyidir və buna müxtəlif səbəblər yol aça bilər:“Viruslar, bakteriyalar, göbələklər, parazitlər, alkoqol, dərmanlar və toksik maddələr hepatitə səbəb ola bilər. Ən çox görülənlər hepatit A, B, C, D (Delta) və E viruslarıdır.”

Hər növ hepatit necə yoluxur?

Hepatit A — çirklənmiş su, içki, gigiyenik qaydalara əməl olunmadan yeyilən meyvə və tərəvəzlərlə keçə bilər.

Hepatit B və C — əsasən qan və qan məhsulları vasitəsilə yoluxur.

Eyni zamanda cinsi əlaqə, steril olmayan iynə, döymə və pirsinq kimi prosedurlar da risk yaradır.

Bir evdə yaşamaq, birgə tirəş bıçağı və dırnaq qayçısı istifadə etmək də yoluxmaya səbəb ola bilər.

Hamilə qadın hepatit B daşıyıcısıdırsa, virus körpəyə keçə bilər. Bu səbəbdən hamiləlik zamanı müayinədən keçmək və lazım gələrsə, doğuşdan əvvəl müalicə almaq vacibdir.

Qorunmanın ən təsirli yolu – peyvənddir.

Hepatitdən qorunmanın ən etibarlı yolu peyvəndlənməkdir.Prof. Dr. Şimşek qeyd edir:

“Hepatit A və B-yə qarşı peyvənd var və bu peyvəndlər demək olar ki, 100% qoruyucudur. Hepatit C üçün hələ peyvənd yoxdur, amma yeni dərmanlarla gündə bir həblə 2-3 ayda 98%-ə qədər müalicə nəticəsi əldə edilir.”

Hepatit B keçirmiş şəxslər ömürboyu nəzarətdə olmalıdır

Hepatit B bəzi hallarda xroniki forma alır və siroz və qaraciyər xərçəngi kimi ağır fəsadlara gətirib çıxara bilər.Bu səbəbdən xəstəlikdən sonra belə, müntəzəm tibbi nəzarət vacibdir.

Mütəxəssis xəbərdarlıq edir:

Alkoqoldan uzaq durmaq lazımdır.

Hər hansı dərman qəbul etməzdən əvvəl həkimə hepatit B daşıyıcısı olduğunu demək vacibdir.

Artıq çəki və qaraciyər piylənməsindən qaçmaq tövsiyə olunur.

Xəstəliyin fərqində olmadan da daşıyıcı olmaq mümkündür

Prof. Dr. Şimşek bildirir ki, Türkiyədə hepatit B daşıyıcılığı orta hesabla 4% civarındadır, bu da təxminən 2 milyon nəfər deməkdir:

“Bu şəxslərin çoxu xəstəliyinin fərqində deyil. Çox vaxt hepatit B, təsadüfən — məsələn, əməliyyat öncəsi analizlərdə və ya evlilik müayinələrində aşkarlanır.”

Hepatit C də çox zaman əlamətsiz şəkildə irəliləyir. Xəstəlik aşkarlandığında artıq 70-80% hallarda xroniki formaya keçmiş olur.

Hepatit A – daha aydın simptomlarla keçir

Hepatit A xüsusilə uşaqlarda daha çox rast gəlinir və əlamətləri adətən daha açıq olur:

Yüngül hərarət, halsızlıq, iştahasızlıq

Gözlərin saralması

Sidiyin tündləşməsi

Bəzən nəcisin rənginin açılması və qarın ağrısı

Kimlər risk altındadır?

Hepatitdən qorunmaq üçün risk qrupundakı şəxslərin peyvəndlənməsi mütləqdir:

Səhiyyə işçiləri

Qan köçürülməsi alanlar

Hemodializ xəstələri

Toplu yaşayış yerlərində qalanlar

Hepatit B-li anadan doğulan körpələr

Hepatit peyvəndləri artıq uşaqlıq dövrü peyvənd təqviminə daxil edilib və bu da uşaqları erkən yaşdan qorumağa imkan verir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
26
e-saglam.az

1Mənbələr