Britaniyalı müğənni Robbi Uilyamsın oktyabrın 7-də İstanbulda keçirilməsi planlaşdırılan və bu şəhərdə debüt etməsi gözlənilən konserti İstanbul Əyalət İdarəsi tərəfindən ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə təşkilatçı şirkət "RİA Novosti"yə məlumat verib.
“Oktyabrın 7-də Robbi Uilyamsın İstanbulda keçiriləcək konserti İstanbul əyalət hökuməti tərəfindən ləğv edilib” - təşkilatçılar agentliyə bildiriblər.
Şirkət əmin edib ki, alınan bütün biletlərin pulu tamaşaçılara tam şəkildə geri qaytarılacaq.
Uilyams daha əvvəl Bodrumda çıxış edib. Türkiyə mətbuatına verdiyi müsahibələrdə o, xüsusilə həyat yoldaşı Ayda Fieldin türk əsilli olduğunu nəzərə alaraq, İstanbula səfər etmək arzusunda olduğunu bildirib. Ancaq bir neçə türk təşkilatı, Uilyamsın İsraili dəstəklədiyi üçün keçmiş bəyanatlarına görə səlahiyyətliləri konserti ləğv etməyə çağırıb.