ABŞ Prezidenti Donald Trampın Qəzza müharibəsini bitirmək üçün təqdim etdiyi sülh planı İsrailin strateji mövqeyini gücləndirə biləcəyi üçün Tehranda da narahatlıqlar yaradıb.
KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, planın əsas məqsədləri girovların azad edilməsi və HƏMAS-ın hərbi gücünün məhv edilməsidir.
Nəşr bildirir ki, HƏMAS və Hizbullahın zəifləməsi, eləcə də İraqdakı silahlı qrupların və Suriya rejiminin itkiləri İranın regiondakı təsirini zəiflədə bilər. Bu isə Tehranda hakimiyyətə, qüvvə balansına və regional nüfuza dair ciddi suallar doğurur.
İran hökuməti HƏMAS və Hizbullahı regional strategiyasının ayrılmaz elementi hesab edir. Onların zəifləməsi İran üçün strategiya itkisi mənasına gəlir.
Nəşr yazır ki, belə ssenarilər Tehranda rejim dəyişikliyi qorxusunu gücləndirir, çünki müttəfiqlərin zəifləməsi İranda daxili və xarici təzyiqləri artıran amil ola bilər.
“Israel Hayom” həmçinin qeyd edir ki, Tehranın bu qorxuları İsrailə qarşı qəfil hücum riskinin artmasına gətirib çıxara bilər, yəni İranın və ya ona bağlı aktorların təcili və gözlənilməz əməliyyatlara əl atma ehtimalı nəzərə alınır.