AZ

Orqanik və qeyri-orqanik tərəvəzlər: Hansı daha sağlamdır?

Son illərdə sağlam qidalanmaya maraq artdıqca, “orqanik” və “qeyri-orqanik” tərəvəzlər arasında seçim mövzusu da aktuallaşıb.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, hər iki növ tərəvəz qida rasionunda vacib yer tutur, lakin onların yetişdirilmə üsulları fərqli olduğu üçün qida dəyəri və sağlamlığa təsiri də dəyişir.

Orqanik tərəvəzlər kimyəvi gübrələr və pestisidlər istifadə edilmədən yetişdirilir. Buna görə də bu məhsulların tərkibində zərərli maddələr minimum olur. Tədqiqatlara görə, orqanik tərəvəzlərdə bəzi vitaminlər və antioksidantların miqdarı daha yüksək ola bilər.

Qeyri-orqanik tərəvəzlər isə daha çox məhsuldarlıq üçün kimyəvi vasitələrlə yetişdirilir. Bu üsul qiyməti aşağı salsa da, bəzən məhsulun tərkibində pestisid qalıqları qala bilər. Lakin düzgün yuyulma və bişirmə üsulları bu riskləri azaltmağa kömək edir.

Qidalanma mütəxəssisləri vurğulayırlar ki, orqanik məhsullar daha təhlükəsiz hesab olunsa da, əsas olan gündəlik rasionda bol tərəvəz qəbul etməkdir. Həm orqanik, həm də qeyri-orqanik tərəvəzlər bədənin vitamin, mineral və lif ehtiyacını qarşılayır, immun sistemini gücləndirir və xroniki xəstəliklərin qarşısını alır.

Mümkünsə orqanik məhsullara üstünlük verilməlidir. Lakin əsas məqsəd gündəlik menyuda müxtəlif və təzə tərəvəzlərin yer alması olmalıdır.

Nəzrin Abbas

E-saglam.az

Seçilən
32
e-saglam.az

1Mənbələr