AZ

Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirilir - FOTO

Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalı təşkil olunub.

Milli.Az xəbər verir ki, oktyabrın 4-ü Şamaxının Meysəri kəndində başlayan festival iki gün davam edəcək.

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalı Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, "Abqora" restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunub.

Festivalda 30-dan çöx ölkədən məşhur şeflər - Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink (Willem Vink), Dünya Barbekü Assosiasiyasının baş hakimi Kristofer Sandford (Chirstopher Sandford), Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler (Thomas Gugler), eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazlar, bir çox ölkələrin kulinariya assosiasiyalarının prezidentləri, "Michelin" mükafatına layiq görülmüş ustalar, kulinariya hakimləri iştirak edir.

Festivalın açılış mərasimində beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilov (Don David), Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink, Dünya Aşpazlar Assosiasiyasının (WACS) vitse-prezidenti Uve Fridrix Herbert Mişel (Uwe Friedrich Herbert Micheel) festival qonaqlarını salamlayıb, festivalın məqsədi barədə danışıblar.

Möhtəşəm barbekü təqdimatları ilə yadda qalacaq bu beynəlxalq tədbirin əsas məqsədinin mədəni mübadiləni gücləndirmək, eləcə də Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya tanıtmaq olduğunu bildirən çıxışçılar ziyarətçilərə xoş həftəsonu arzulayıblar. Sonra qonaqlar qurulan pavilyonlarda müxtəlif mədəniyyətlərin mətbəxi ilə tanış olublar və fərqli təamları dadıblar.

Xüsusi ayrılmış zonalarda Azərbaycanı, həmçinin dünyanın müxtəlif ölkələrini təmsil edən peşəkar şeflər dünya mətbəxinin zənginliyini təqdim eidb. Qurulan pavilyonları gəzən qonaqlar ayrı-ayrı restoran və brendlərin təqdimatları ilə tanış olublar.

Şef-aşpazlar uşaqlar üçün ustad dərsləri də keçib. Əyləncə şəklində təşkil edilən həmin ustad dərsləri zamanı mətbəxin kralları sayılan kulinarlar azyaşlılarla birgə burgerlər hazırlayıb.

Festival zamanı komandalar arasında yarış da təşkil olunub. Hər komanda onlara verilən resept üzərində yemək bişirib. Yarışda dad, bişirmə dərəcəsi və təqdimat forması üzrə fərqlənən komandalar sertifikatlar, medallar və tərəfdaşlar tərəfindən təqdim edilən əsas kubok uğrunda mübarizə aparıb.

Gün ərzində festivalın səhnəsində müxtəlif musiqiçilərin ifaları səslənib. Ziyarətçilər dadlı təqdimatları yerli və xarici kompozisiyalar fonunda izləyiblər.

Festival oktyabrın 5-də davam edəcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Seçilən
18
12
milli.az

10Mənbələr