Bakıdakı 291 saylı körpələr evi-uşaq bağçasında üç yaşlı körpə yıxılaraq ağır xəsarət alıb.
Redaktor.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, uşağın atası Elcan İdrisbəyli iddia edir ki, yıxılaraq sifəti çapılan körpəyə nə ilkin tibbi yardım göstərən, nə də təcili yardım çağıran olub.
"Hadisə baş verəndən sonra onu anasına elə üzüqanlı halda təhvil veriblər. Gəldim ki, bağçanın qabağında anası ilə uşaq çöldə qalıb. Apardıq “Semaşko”ya. Elə yolda direktor bizə zəng elədi, heç uşağı soruşmadan dedi ki, bağçanın adını çəkmə”, - deyə Elcan İdrisbəyli bildirib.
Valideynlərinin təcili xəstəxanaya çatdırdığı uşağın sifətinə iki tikiş qoyulub, gözünə yaxın hissəyə isə tikiş atmaq mümkün olmayıb, həkimlər bunun təhlükəli olduğunu bildiriblər.
“Gəldik direktora deməyə ki, bizə kamera görüntüsünü təqdim edin. Direktor bildirdi ki, dövlət bağçanı kamera ilə təmin etməyib”, - deyə Elcan İdrisbəyli əlavə edib.
Bağçanın direktoru Sahibə xanım hadisədən vaxtında xəbərdar edilmədiyini, bütün məsuliyyətin müəllimdə olduğunu bildirib: “Müəllim mənə vaxtında xəbər verməyib. İzahatını da almışam.
Anası Elnarə xanım dedi ki, uşaq elə dünən də evdə yıxılıb, olacağa çarə yoxdur. Müəllimin günahıdır”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə məsələ ilə bağlı başqa açıqlama verilib.
Bildirilib ki, 30 sentyabr saat 11:00 radələrində 291 saylı körpələr evi-uşaq bağçasının orta yaş qrupunda uşaqlardan biri yıxılıb və xəsarət alıb. Dərhal bağçanın tibb bacısı tərəfindən ilkin tibbi yardım göstərilib və uşağın valideyninə xəbər verilib. Uşaq valideyni ilə səhiyyə müəssisəsinə aparılıb. Bağçanın tərbiyəçi-müəllimi ilə bağlı tənbeh tədbiri görülüb. Valideynlə əlaqə saxlanılıb, uşağın vəziyyəti qənaətbəxşdir.
Daha ətraflı videomaterialda: