AZ

“Qızılgül inqilabı” dönməzdi: Gürcüstanda yeni cəhd niyə baş tutmadı?

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gürcüstanda bələdiyyə seçkilərinin nəticələri ölkəni yenidən siyasi gərginliyin mərkəzinə gətirib. Seçkilərin nəticələrinə etiraz edən müxalifət qüvvələri Tiflisin mərkəzində on minlərlə insanın iştirakı ilə genişmiqyaslı etiraz aksiyası keçirir. Etirazçılar seçkilərin saxtalaşdırıldığını iddia edir, nəticələrin ləğvini və hökumətin istefasını tələb edirlər.

Siyasi müşahidəçilər bildirirlər ki, bu əslində Qərblə Rusiya arasında gedən geosiyasi mübarizənin növbəti mərhələsidir. Avropa İttifaqı və ABŞ-ın Gürcüstan müxalifətinə dolayı dəstək verdiyi, xüsusilə də Avropada Rusiyaya yaxın hesab edilən “Gürcü Arzusu” hökumətinin devrilməsində maraqlı olduğu deyilir.

Həmçimin son illər Moldovada baş verən siyasi dəyişikliklər və pro-Qərb qüvvələrinin qələbəsi Tiflisdəki müxalifətə əlavə stimul verib. Ekspertlərin fikrincə, Qərb dairələri Moldovadakı uğuru Gürcüstanda da təkrarlamağa çalışır. Məqsəd isə Cənubi Qafqazda Rusiyanın təsirini tamamilə sıfıra endirmək və bölgəni Qərb orbitinə yaxınlaşdırmaq.

Tiflis küçələrində səslənən “Rusiya Gürcüstandan çıxsın!”, “Avropa ilə gələcəyə!” kimi şüarlar göstərir ki, bu aksiyalar anti-Rusiya ruhunda keçir və Qərb paytaxtlarının siyasi mətbəxlərində hazırlanan “rəngli inqilab” ssenarisini xatırladır.

Aksiyalarda iştirak edənlərin əhval-ruhiyyəsi əvvəlki illərdəki etirazlardan fərqlənir. Bu dəfə emosiya yox, qəzəb və qətiyyət ön plandadır.

Bəzi siyasi şərhçilər artıq Gürcüstanda “inqilab ssenarisinin işə salındığını” iddia edirlər.

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Natiq Cəfərli Musavat.com-a danışıb:

"Vətəndaşlar seçkiyə fəal şəkildə qatılıb, səsini verib və indi öz iradələrinin tanınması üçün aksiyalarda iştirak etməyə hazır olduqlarını bildirirlər. Bununla belə, hazırkı etirazların mahiyyəti tam aydın deyil, çünki küçələrə çıxanların əksəriyyəti seçkilərdə iştirak etməyən müxalif qüvvələrin tərəfdarlarıdır.

Məsələ ondadır ki, müxalifətin mühüm bir hissəsi bu seçkiləri baykot edib. Son rəy sorğuları göstərmişdi ki, müxalifətin reytinqi ciddi şəkildə azalıb, xüsusən də böyük şəhərlərdə, o cümlədən Tbilisi, Batumi və Kutaisidə. Rəqabət qabiliyyətinin zəif olduğunu anlayan müxalifətin təxminən dörddə üçü seçkilərə qatılmamaq qərarı verib. Cəmi bir neçə partiya seçkilərə qatılmaqla prosesdə iştirak etdi, digərləri isə Gürcüstanın “Avropadan uzaqlaşdığı” kimi populist şüarlarla küçələrə çıxmağı seçdi.

Lakin bu aksiyaların məqsədi və strategiyası aydın deyil. Etirazçılar nəyi tələb etdiklərini tam ifadə edə bilmir, onların “neo-bolşevik” və populist yanaşmaları real siyasi strategiyadan daha çox emosional çağırışlar təsiri bağışlayır. Məsələn, bir qrupun Prezident Sarayına daxil olub orada oturması kimi addımlar nə siyasi məntiqlə, nə də demokratik mübarizə prinsipləri ilə izah oluna bilər.

Hakimiyyətin zorla devrilməsi ssenarisi isə praktik baxımdan qeyri-mümkündür. Dünyanın heç bir demokratik ölkəsində elitanın parçalanması, hüquq-mühafizə orqanlarının və ordunun etirazçılar tərəfə keçməsi olmadan küçə təzyiqi ilə hakimiyyət dəyişikliyi baş vermir. Gürcüstan nümunəsində də bu, mümkün görünmür.

Tarixi təcrübə göstərir ki, Gürcüstanda hakimiyyət dəyişiklikləri həmişə institusional parçalanma və seçki prosesi fonunda baş verib. Məsələn, vaxtilə “Qızılgül inqilabı” zamanı Mixail Saakaşvili hakimiyyətə küçədən deyil, elitanın içindən gəlmişdi. O, Tbilisi meri, daha sonra ədliyyə naziri olmuş, yəni sistemin içində idi. Hakimiyyət daxilində parçalanma baş verdikdən sonra seçkilərdə müəyyən üstünlük qazanaraq parlamentdə çoxluq əldə etdi və nəticədə siyasi dəyişiklik baş tutdu.

Bugünkü Gürcüstanda isə vəziyyət tam fərqlidir. Hazırda küçələrə çıxan müxalifət seçkilərdə iştirak etməyib, seçki institutunu rədd edib və indi küçə təzyiqi ilə hakimiyyətə gəlmək niyyətindədir. Bu isə nə hüquqi, nə də demokratik baxımdan qəbul edilə bilən davranış deyil.

Əslində, Gürcüstanda pis-yaxşı demokratik institutlar, seçki mexanizmi formalaşıb. Son parlament seçkilərində müxalifət az da olsa, uğur qazanmış, parlamentdə üçdə bir yerə sahib olmuşdu. Lakin parlamentə getmək və qanunvericilik fəaliyyəti aparmaq əvəzinə, müxalifət həmin nəticələri də baykot etdi. Halbuki, demokratik mübarizənin əsas yolu – parlamentdə iştirak, qanun layihələri təqdim etmək, xalqın problemlərinə konkret təkliflərlə çıxış etmək və iqtidarı tənzimləməkdən keçir.

Əgər müxalifət bu yolla getsəydi, həm ictimai etimadı qazana, həm də iqtidarın səhvlərini sistemli şəkildə ifşa edə bilərdi. Lakin əvəzində populist şüarlarla küçəyə çıxmaq və Avropa yönümlü ritorika ilə xalqı emosional şəkildə təsirləndirməyə çalışmaq Gürcüstan cəmiyyətində artıq effekt vermir.

Baş nazirin son açıqlamaları da bunu təsdiqləyir: o, Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmağı hədəflədiyini, bu istiqamətdə islahatların davam etdiyini vurğulayıb. Belə olan halda “Gürcüstan Avropadan uzaqlaşır” kimi iddialar siyasi reallıqdan çox uzaqdır".

Natiq Cəfərli qeyd edir ki, müxalifətin səhvi həm də ondadır ki, o, əhalinin prioritetlərini düzgün qiymətləndirmir:

"Dünyanın istənilən ölkəsində olduğu kimi, Gürcüstanda da əhalinin çox az bir hissəsi siyasətə və geosiyasi istiqamətlərə dərin şəkildə maraq göstərir. Əksəriyyət üçün əsas olan iqtisadi rifah, sosial sabitlik və gəlir səviyyəsinin yüksəlməsidir.

Bu baxımdan Gürcüstan son illərdə ciddi iqtisadi uğurlar əldə edib. Post-sovet məkanında ən sürətlə inkişaf edən ölkələrdən biri olan Gürcüstanın ümumi daxili məhsulu ötən il 9 faiz, bu il isə 8 faiz artıb. Adambaşına düşən gəlir göstəricilərinə görə isə ölkə Cənubi Qafqazda lider mövqedədir. Bu faktları görən və gündəlik həyatında hiss edən gürcü vətəndaşları təbii olaraq stabilliyi qorumaq və hazırkı hökuməti dəstəkləmək mövqeyindədir.

Beləliklə, Gürcüstanda baş verən hadisələr göstərir ki, müxalifətin radikal küçə aksiyaları geniş ictimai dəstək tapmır. Xalq daha çox sabitlik, iqtisadi inkişaf və Avropaya inteqrasiyanın real, addım-addım həyata keçirilməsini istəyir. Müxalifət isə populizm və baykot siyasətindən əl çəkməsə, Gürcüstandakı siyasi balansda həlledici qüvvəyə çevrilə bilməyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
moderator.az

3Mənbələr