AZ

Göz səyirməsi xəstəlikdirmi? Səbəbləri və aradan qaldırma yolları

İnsanların çoxu həyatında ən azı bir dəfə göz səyirməsi ilə qarşılaşıb. Bu vəziyyət bəzən bir neçə saniyə davam edir, bəzən isə günlərlə təkrarlana bilər.

E-saglam.az xəbər verir ki, göz qapağı əzələlərinin qeyri-ixtiyari yığılması ilə meydana gələn göz səyirməsi adətən zərərsizdir, lakin bəzən orqanizmin bizə ötürdüyü xəbərdarlıq siqnalı da ola bilər.

Tibbdə “miokimiya” adlandırılan bu hal əsasən yuxarı göz qapağında baş verir. Göz səyirməsi çox vaxt yorğunluq, stress və yuxusuzluq kimi sadə səbəblərlə əlaqələndirilir. Həyat tərzi və ətraf mühit faktorları da bu vəziyyətin yaranmasında rol oynayır.

Ən çox rast gəlinən səbəblərdən biri stressdir. Uzun müddətli gərginlik zamanı kortizol hormonunun səviyyəsi artır, bu da göz qapağı əzələlərinin daha həssas olmasına və qeyri-iradi yığılmalarına səbəb olur. Yuxusuzluq və fiziki yorğunluq da göz əzələlərinin bərpasını çətinləşdirərək səyirməni gücləndirir.

Uzun müddət kompüter, telefon və televizor ekranlarına baxmaq da göz əzələlərini gərginləşdirir. Rəqəmsal ekranlardan yayılan mavi işıq göz yorğunluğunu artırır və səyirmə riskini yüksəldir. Həddindən artıq kofein və spirt qəbulu sinir sistemini stimullaşdıraraq göz qapaqlarının daha həssas olmasına səbəb ola bilər.

Quru göz sindromu da göz səyirməsinin səbəblərindən biridir. Xüsusilə ekran qarşısında uzun müddət qalan və ya kontakt linza istifadə edən insanlarda göz səthi qıcıqlanır və əzələlər qeyri-iradi hərəkət etməyə başlayır. Nadirdə olsa, maqnezium kimi bəzi mineralların çatışmazlığı əzələlərin normal fəaliyyətinə təsir göstərə bilər.

Göz səyirməsi çox vaxt müalicə tələb etmir və bir neçə gün ərzində keçib gedir. Lakin prosesi yüngülləşdirmək və təkrarlanmasının qarşısını almaq üçün kifayət qədər yuxu almaq, stressi idarə etmək, ekran qarşısında fasilələrlə işləmək və kofein qəbulunu azaltmaq faydalıdır. Quru göz varsa, həkim məsləhəti ilə nəmləndirici damcılardan istifadə etmək mümkündür.

Əgər göz səyirməsi bir neçə həftədən uzun davam edirsə, şiddəti artırsa və ya üzün digər hissələrinə də yayılırsa, bu zaman oftalmoloqa müraciət etmək vacibdir. Bu simptom bəzən sinir sistemi ilə bağlı daha ciddi bir problemin göstəricisi ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
11
e-saglam.az

1Mənbələr