AZ

Trampdan HAMAS-a sərt xəbərdarlıq: “Hakimiyyətdə qalmaq istəsələr, tam məhv ediləcəklər”

ABŞ Prezidenti Donald Tramp HAMASA sərt xəbərdarlıq edib. O, bildirib ki, əgər HAMAS Qəzzadakı hakimiyyətindən imtina etməsə, "tamamilə məhv ediləcək". Tramp həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzadakı hücumları dayandırmağa hazır olduğunu açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki,Tramp bir neçə gün əvvəl Qəzzada atəşkəs planını təqdim etmişdi. Həm İsraildən, həm də HAMAS-dan gələn müsbət cavabların ardından tərəflər arasında aparılacaq danışıqlara diqqət yönəlib. İsrail və Fələstin nümayəndə heyəti sabah (6 oktyabr) Misirdə əsir mübadiləsini müzakirə etmək üçün bir araya gələcək. 

Tramp bildirib ki, əgər HAMAS Qəzzadakı idarəetməni təhvil verməkdən imtina edərsə, "tam şəkildə məhv ediləcək". O, təşkilatın sülhə sadiqliyinin yaxın vaxtlarda tam aydın olacağını vurğulayıb.

Tramp atəşkəs təklifinin reallaşacağına ümidli olduğunu bildirib: "Bu məsələ üzərində çox çalışmışıq. Netanyahu Qəzzadakı bombardmanı dayandırmağa hazırdır," - deyə qeyd edib.

ABŞ Dövlət katibi Marko Rubio NBC kanalında yayımlanan Meet the Press proqramında çıxış edib. O, Qəzzada müharibənin hələ davam etdiyini bildirib və "Hələ görüləcək bir neçə iş var" deyərək HAMAS-dan müəyyən tələblərinin olduğunu açıqlayıb.

Rubio deyib ki, "Qəzzada üç gün ərzində HAMAS-dan asılı olmayan yeni bir idarəetmə qurmaq mümkün deyil. İsrail və HAMAS arasında razılaşma istiqamətində danışıqlar aparılır. Mən əsirlərin ən qısa zamanda azad edilməsini istəyirəm."

Rubio həmçinin qeyd edib ki, HAMAS-ın danışıqlarda nə dərəcədə ciddi olduğunu texniki və logistik müzakirələrin gedişindən tezliklə anlayacaqlar. O, silahsızlanma mərhələsini əhatə edəcək planın ikinci hissəsinin "çətin keçəcəyini" deyib.

Qəzzadakı yerli rəsmilər bu gün bölgədə azı 15 nəfərin öldüyünü açıqlayıb. Səhiyyə Nazirliyi də ölənlərin sayını təsdiqləyib və İsrailin şəhərin müxtəlif hissələrinə hücumlarının davam etdiyini bildirib.

Donald Tramp ötən cümə günü İsrailə "bombardmanları dərhal dayandırmaq" çağırışı etsə də, hücumlar hələ də davam edir. İsrail və HAMAS nümayəndə heyətləri atəşkəs təklifini müzakirə etmək üçün Misirə yollanıb.

CNN International-ın Misirli mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ, İsrail və HAMAS arasındakı dolayı danışıqlar sabah Şarm əl-Şeyxdə başlayacaq.

Misir Xarici İşlər Nazirliyi danışıqların öz ölkələrində keçiriləcəyini təsdiqləyib. Bildirilib ki, müzakirələr Tramp və Türkiyə də daxil olmaqla bir çox ölkənin dəstəklədiyi sülh planı çərçivəsində əsir mübadiləsi məsələlərini əhatə edəcək. Nazirliyin açıqlamasına əsasən, bu proses Misirin Qəzzada davam edən İsrail müharibəsini dayandırmaq məqsədilə vasitəçilərlə birlikdə göstərdiyi səylərin bir hissəsidir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
9
20
milli.az

10Mənbələr