AZ

Kreml mediası İslamı hədəf aldı – küçədə namaz qılanı “terrorçu” kimi təqdim etdilər - VİDEO

Rusiyanın Krasnodar şəhərində baş verən adi bir ibadət səhnəsi Kreml yönümlü media tərəfindən antimüsəlman isteriyasına çevrilib. 36-cı gimnaziya yaxınlığında küçədə sakit şəkildə namaz qılan bir kişi barədə Kremlə bağlı kanallar təxribat xarakterli və açıq-aşkar nifrət dolu paylaşım yayıb.

Musavat.com xəbər verir ki, sözügedən kanal hadisəni “vəhşilik” kimi təqdim edib, “uşaqlar şok keçirib” kimi manipulyativ ifadələrlə ictimai qorxu yaratmağa çalışıb. Paylaşımda qeyd olunur ki, hadisə məktəb, prokurorluq və vilayət məhkəməsinin yanında baş verib və “bu yerdən məscidə cəmi 12 dəqiqəlik məsafə var” – yəni, guya həmin şəxs “qəsdən küçədə namaz qılıb.”

Bu təqdimat Rusiyada artmaqda olan islamofob təbliğatın bariz nümunəsidir. Halbuki, ölkədə milyonlarla müsəlman yaşayır və on illər boyu heç bir problem olmadan ibadətlərini yerinə yetiriblər. İndi isə Kreml təbliğat maşını İslamı “təhlükə obrazı” kimi göstərmək üçün belə səhnələrdən istifadə edir.

Müşahidəçilər bildirirlər ki, bu, sadəcə bir hadisə deyil — Putin hakimiyyətinin informasiya savaşında yeni cəbhə açmasıdır. Rusiya mediası hazırda sistemli şəkildə İslama və türklüyə qarşı düşmən obrazı formalaşdırır, müsəlmanları ictimai şüurda “şübhəli” kimi təqdim etməyə çalışır.

Əslində, bu “narahatlıq” və “təhlükə” ritorikası Rusiya cəmiyyətini bölmək, diqqəti müharibə böhranından yayındırmaq üçündür. Çünki ibadət edən bir müsəlmanı “terrorçu” kimi göstərmək yalnız qorxunun, cahilliyin və təbliğatın nəticəsidir.

Kreml öz xalqına müharibə və təcrid gətirən siyasətini gizlətmək üçün indi İslamı yeni düşmən kimi göstərməyə başlayıb.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr