AZ

Bi̇z i̇nandiq, si̇z də i̇nanın

Milli futbol komandamıza çağırış

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, Parisdə, Parc de Prince stadionunda keçiriləcək Fransa və Azərbaycan yığmalarının matçından əvvəl, Fransada 21 ildən artıq yaşayan bir azərbaycanlı kimi, AFFA rəhbərliyinə, milli komandamızın məşqçi heyətinə və ən əsası, milli komandamızın üzvlərinə bu açıq müraciəti etmək qərarına gəldim.

Futbol, sadəcə sıravi bir idman növü deyil, on minlərlə insanın tribunadan izlədiyi, yüz milyonların ekranlardan baxdığı, müxtəlif siyasi, mədəni və qlobal mesajların verildiyi təsir vasitəsidir.

Bu gün Azərbaycandan kənarda yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür və Avropada, Amerikada doğulduğu və bəzən heç görmədiyi halda Azərbaycanı özünə vətən bilən minlərlə uşaq var.

Mənim də hər üç övladım Fransada anadan olub, burada təhsil alsalar da, biz onları ilk növbədə azərbaycanlı kimliyi ilə yetişdirir və öz milli və mənəvi dəyərlərimizi onlara ötürməyə çalışırıq.

Bizim kimi, minlərlə ailə var. Fransada doğulmuş azərbaycan əsilli övladlarımızın sayı, mübaliğəsiz minlərlədir. Onların milli ruhda və bir azərbaycanlı kimi yetişməsində bu cür matçların və bənzər tədbirlərin xüsusi rolu var.

Eyni zamanda bu matçın keçirilməsi, Fransa ictimayiyyətinə bu ölkədəki mütəşəkkil Azərbaycan diasporunu təqdim etmək üçün də gözəl bir fürsətdir.

Azərbaycanda Fransanı daha çox ermənipərəst bir ölkə kimi tanıyırlar və bunun da tarixi və siyasi səbəbləri var. Zamanla, bu baxışın dəyişəcəyi qənaətindəyəm. Hər iki ölkə arasında etimada dayalı əlaqələrin formalaşması üçün zamana ehtiyac var və bu başqa yazının mövzusudur.

1995-ci ildə Fransaya qarşı 10-0-lıq məğlubiyyətimiz, futbol tariximizə qara ləkə kimi düşüb. Bu həmin dövr idi ki, 1-ci Qarabağ müharibəsində məğlub olmuşduq, Azərbaycanda siyasi stabillik tam təmin edilməmişdi. Mərkəzi hakimiyyətə qarşı ölkəni hərc-mərcliyə sürükləmək istəyən daxili və xarici qüvvələr öz mövcudluğunu qoruyurdu.

Bu gün isə, vəziyyət tam fərqlidir.

Biz, indi müzəffər bir millətin övladlarıyıq, 90-cı illərdəki kimi parçalanmış, zəif, ümidsiz deyilik. Bu gün, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib!

Əziz furbolçular !


Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimiz necə zəfər çaldısa, siz də meydanda eyni zəfər ruhunu nümayiş etdirməlisiniz.

Daha əzmlə, daha çox şövqlə mübarizə aparan bir komanda görmək, hər birimizin istəyidir.

Müzəffər Azərbaycanın milli komandası da, 90-cı illərdə torpaqları işğal altında olan Azərbaycan milli komandasından mütləq fərqlənməlidir!

Qarabağ”

Əziz futbolçular !

Mən ata tərəfdən Cəbrayıldanam. Böyük oğlumun da adı Cəbrayıldır. Bu ad, bizim üçün indi sadəcə bir rayonun adı deyil, azadlığa olan inamın, torpağa olan sevginin və qələbənin adıdır.

Mən övladlarımı Qarabağ klubunun oyunlarına aparıram ki, Azərbaycan sevgisini iliklərinə qədər yaşasınlar.

Benfika və Kopenhagen oyunlarından sonra, oğlum Cəbrayıl məktəbə qürurla Qarabağ FK-nun formasını geyib getmişdi.

Sizin oyununuzla da bu uşaqlar fəxr etməlidir. Onlar görməlidirlər ki, Azərbaycanlı olmaq, şərəf və qürur mənbəyidir.

Əziz futbolçular !

Siz meydana çıxanda bilin ki, yüzlərlə kilometr uzaqdan sırf sizi izləmək və Azərbaycan bayrağını dalğalandırmaq üçün gələn azərbaycanlılarla yanaşı, tribunada sizinlə qürur duyan və fəxr edən, Fransada doğulmuş, lakin ürəyi Azərbycanla döyünən uşaqlar və gənclər var. Sizin oyununuzun onlar üçün milli stimul mənbəyi olduğunu unutmayın !

Fikrimcə, Qurban Qurbanov ən böyük uğuru, öz oyunçularına özünəinam aşılaması və fərdi bacarıqlardan daha çox, komanda oyunu oynatmasıdır.

Əziz furbolçular,

Qarşınızdakı rəqibin adı sizi qorxutmasın. Qarşınızdakilar qeyri-adi gücə malik, yüksək texnoloji keyfiyyətlərə malik texnika yaxud robot deyillər, insandırlar və futbol matçı, hər iki tərəfdə eyni sayda (hər iki tərəfdə 11 futbolçu) oyunçunun olduğu bir komanda oyunudur. Boyları boyunuza, çəkiləri çəkinizə uyğundur.

Nədən qorxmalısınız ?! Heç nədən! Çıxıb əsl azərbaycanlı kimi əzmlə oynamalı, fiziki fərqləri kollektiv oyunla əvəzləməlisiniz.

Xüsusi təyinatlılarımızın Şuşaya necə dırmanaq, şəhəri düşməndən azad etdiklərini xatırlayın. Sizin üçün əslində daha asan olmalıdır!

Əgər siz sona qədər mübarizə aparsanız, ruhdan düşməsəniz, əminəm ki, final fitində qürurla meydanı tərk edəcəksiniz.

Əziz futbolçular,

Sizdən yüksək milli ruhla son ana qədər mübarizə apararaq bizi qürurlandırmanızı, dünyanı və Fransa ictimaiyyətini öz əzminizlə və ortaya qoyduğunuz oyunla heyrətləndirmənizi istəyirik.

Qapıçımız Şahruddin Məhəmmədəliyevdən öz ad və soyadına layiq inamlı və əzmkar oyun gözləyirik.

Həmçinin Bəhlul Mustafazadədən, Toral Bayramovdan, Elvin Cəfərquliyevdən, Nəriman Axundzadədən ən az Qarabağın Çempionlar liqasındakı oyunlarında sərgilədikləri əzmi və oyunu gözləyirik.

Yuxarıda adlarını çəkdiyim 5 futbolçunun ilk 11-də başlaması və 5-4-1 taktiki düzülüşlə meydana çıxmamız gərəkdiyini düşünürəm.

Şahrudin Məhəmmədəliyev, Abbas Hüseynov, Cəlal Hüseynov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk və Elvin Cəfərquliyevdən ibarət 5-li müdafiə xətti,

Qismət Alıyev ilə kapitan Emin Mahmudovu 5-li müdafiənin önündə,

Toral Bayramov və Ozan Can Kökçünü də sol və sağ yarımmüdafiədə və hücumçu Nəriman Axundzadənin ( dəyişiklik Mahir Emrəli ilə) arxasında oynadaraq bu matçdan uğurla çıxa biləcəyimizə inanıram.

Çempionlar

Bu sadəcə mənim kiçik bir futbol analizimdir. Qorxmadan və çəkinmədən öz oyunumuzu oynamalıyıq.

İlk 20 dəqiqə əhəmiyyətlidir, qol buraxmasaq, psixolojik bərabərlik yaranacaq. İstənilən şərait və nəticədən asılı olmayaraq, oyunun sonuna qədər ruh yüksəkliyini qorumalı və yüksək əzmkarlıq nümayiş etdirməliyik.

Əziz futbolçular!

Siz Azərbaycanın futbol meydanındakı cəngavərlərisiniz, öz adınıza və ölkəmizə yaraşan şəkildə, vüqarla meydana çıxmanızı və mübarizə aparmağınızı istəyirik.

Unutmayın ki, bizim övladlarımıza aşıladığımız Azərbaycan sevgisini, siz daha çox gerçəyə çevirə bilərsiniz. Bu matçda göstərəcəyiniz əzm və döyüşkənlik ruhu, bizim bu ölkədə Azərbaycanı daha qürurla tanıtmağımıza təsir edəcək.

Millimizin baş məşqçisi Ayxan Abbasova da çağırış etmək, burada yerinə düşərdi.

Hörmətli Ayxan müəllim,

İndi öhdənizdə təkcə taktika, formalaşma və heyət seçimi deyil, xalqın ümidini, millətin ruhunu oyatmaq missiyası var.

Siz artıq U21 səviyyəsində millinin gənclərinə rəhbərlik etmisiniz, amma bu dəfə əsas millinin parlaq gələcəyi sizin əlindədir. Rəqib güclüdür, stadion tanınmışdır, amma rəhbərlik etdiyiniz komandada inanc və ruh varsa, hər şey mümkündür.

Futbolçularınıza deyin ki, bu forma sadəcə trikot deyil, hər toxunuşda Azərbaycan sevgisini daşıyan bir bayraqdır.

AFFA prezidenti Rövşən Nəcəfə müraicətlə yazımı yekunlaşdırmaq istəyirəm.

Hörmətli Rövşən müəllim,

Biz sizi peşəkar kadr və vətənpərvər məmur kimi tanıyırıq.

İnanıram ki, bu gün Azərbaycan futbolunun təkcə nəticə deyil, ruh və milli dəyər daşıyan bir qurum kimi formalaşması sizin rəhbərliyinizdə mümkündür. Bu matç, həm meydanda, həm tribunada, həm də medianın gözü qarşısında Azərbaycan futbolunun öz kimliyini göstərməsi üçün tarixi fürsətdir.

Bu baxımdan, sizin bu futbol matçına gələrək, futbolçularımızla matçdan öncə danışmanız və milli komandamıza dəstək olmanız arzuediləndir. Sizin burada olmağınız, mütləq şəkildə əlavə ruh yüksəkliyi yaradacaq.

10 oktyabr, Azərbaycan futbol tarixində yeni bir səhifə ola bilər.

Biz, Fransada yaşayan yüzlərlə, minlərlə azərbaycanlı sizi izləyəcəyik, sizi alqışlayacağıq, sizinlə fəxr etmək istəyəcəyik. Bu meydan, sizin iradənizi, ruhunuzu, millətə olan sevginizi nümayiş etdirmək üçün bir fürsətdir.

Sizə güvənirik, Parisdə tribunada bayrağımızı qaldırmağa gələcəyik. Siz isə, meydanda Azərbaycan bayrağının hərəkət edən qürur rəmzi olun!

Biz sizə inanırıq, yetər ki, siz də özünüzə inanın!

İnanan hörmətlə



Elnur MƏCİDLİ
Paris, Fransa

Seçilən
9
musavat.com

1Mənbələr