“Bavariya” klubu “Milan”ın qapıçısı Mayk Menyanı Manuel Noyerin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.
İdman.biz xəbər verir ki, 30 yaşlı fransızın “rossonyerlərlə” müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.
Lakin tərəflər yeni anlaşma barədə hələ razılığa gələ bilməyiblər - klub qapıçının maaş tələblərini qarşılamağa hazır deyil.
Menyan bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 6 oyun keçirib, 3 qol buraxıb və 4 görüşü qapısını toxunulmaz saxlayıb.
Hazırda “Bavariya”nın əsas qapıçısı 39 yaşlı Manuel Noyerdir. Komanda kapitanı bu yaxınlarda “Ayntraxt”la (3:0) görüşdə Bundesliqada 362-ci qələbəsini qazanaraq Tomas Myüllerin rekordunu təkrarlayıb.
Münhen təmsilçisi 2025/26 mövsümünə uğurlu start verib - “Bavariya” indiyədək keçirdiyi 10 oyunun hamısında qalib gəlib (6 – Bundesliqada, 2 – Çempionlar Liqasında, 1 – Superkubokda və 1 – Almaniya Kubokunda).
Komanda Vensan Kompaninin rəhbərliyi altında növbəti matçını oktyabrın 18-də Dortmund “Borussiya”sına qarşı keçirəcək.