AZ

155 mm çaplı NORA-B52 özüyeriyən haubitsası və modifikasiyaları – TƏHLİL

NORA-B52 155 mm özüyeriyən haubitsası (serb. Ново ОРужје Артиљерије – yeni artilleriya silahı) hazırda Serbiya Ordusunda silahlanmada olan və geniş şəkildə ixrac olunan Serbiya istehsalı özüyeriyən haubitsadır.

“Poliqon”un məlumatına görə, özüyeriyən qurğu 2006-cı ildə “Yugoimport SDPR” şirkətinin hərbi mühəndisləri tərəfindən müasir, sürətli atış qabiliyyətinə malik özüyeriyən haubitsa kimi hazırlanıb. O vaxtdan bəri özüyeriyən haubitsa dəfələrlə modernləşdirilib. Özüyeriyən haubitsa üçün istifadə edilən şassi yüksək keçidlikli 8×8 təkər formullu FAP-2832 və KamAZ 63501 yolsuzluq avtomobillərinin şassidir. Silah Sovet dövründən qalma 152 mm-lik D-20 top-haubitsasının modernləşdirilmiş versiyasıdır. Mərmilərdən, güllələrdən, qəlpələrdən və minalardan qorunma təmin edir.

Tarixə baxış və ya inkişafın başlanğıcı

Hərbi ekspertlərin fikrincə, XX əsrin 80-ci illərinin ortalarında Yuqoslaviyada həm daşınan, həm də özüyeriyən artilleriya sistemlərinin yeni modellərinin yaradılması ilə müxtəlif artilleriya silahlarının inkişafında əhəmiyyətli dəyişikliklər baş vermişdir. O dövrdə Yuqoslaviyada NORA kod adlı 152 mm-lik M84 top-haubitsası əsas artilleriya silahı kimi xidmət edirdi. Yuqoslaviya hərbi mühəndisləri 17140 metrdən 24000 metr məsafəyə çatdırılması tələb olunan yeni silah üzərində işə başlamış, lakin nəticədə silahın atış məsafəsini 28500 metrə çatdırmağı bacarmışdılar.

Mühəndislər silahın lülə uzunluğu 39 çap olan yedəyə alınan NORA-A topu, lülə uzunluğu 45 çap olan NORA-B özüyeriyən topu, lülə uzunluğu 45 çap olan NORA-C özüyeriyən topu, lülə uzunluğu 45 çap olan NORA-C1 özüyeriyən topu, lülə uzunluğu 45 çap olan NORA-C2 özüyeriyən topu və lülə uzunluğu 46 çap olan NORA-C3 özüyeriyən topu olmaqla bir neçə yeni versiyasını təklif etmişdilər.

558669455Nəhayət, proqramın 130 mm-lik silah M46 yedəyə alınan topa əsaslanan ikinci növü həyata keçirilmişdi. Artilleriya hissəsinin özü açıq hərəkət edən platformaya quraşdırılmışdı, baxmayaraq ki, sonradan əlavə silah qalxanı quraşdırılıb. Əvvəlcə Sovet istehsalı 130 mm-lik topların istifadəsi nəzərdə tutulmuşdu, lakin zaman keçdikcə oxşar özüyeriyən silahlar ilk növbədə 45 çap sabit lülə uzunluğuna malik 152 mm və ya 155 mm haubitsalarla təchiz olunmağa başladı. Özüyeriyən haubitsada şassi qismində FAP-2832 yolsuzluq avtomobili xidmət edir. Mərmilərin aerodinamik xüsusiyyətləri qaz generatorlarından istifadə etməklə atəş məsafəsini 39 km artırmağa imkan verir.

Yuqoslaviyanın dağılmasından sonra özüyeriyən haubitsaların istehsalı davam etmişdir. Çünki həm yuqoslaviya, həm də serb tərəfdarı olan qüvvələr, eləcə də bosniyalılar, xorvatlar və slovenlər bu cür silahlardan istifadə etməkdə maraqlı idilər.

1990-cı illərdə özüyeriyən haubitsaların (yeni təpmə qurğuları, fırlanan tutucu) təkmilləşdirilməsi üçün fəal inkişaf getmiş və əsrin sonunda ilk nümunələr ixrac olunmağa başlamışdır. Müasir nümunələr NORA-B52, NORA-B52 M21, NORA-B52 K21, NORA-B52 NG və “Aleksandar” olaraq istehsal edilir.

NORA-B52 özüyeriyən haubitsası ilk dəfə Belqradda keçirilən “Partner-2009” beynəlxalq silah sərgisində təqdim edilib. 2011-ci ilin oktyabrında Serbiya və Banqladeş arasında “Yugoimport SDPR” şirkəti tərəfindən bu ölkənin quru qoşunları üçün 18 ədəd NORA-B52 özüyeriyən haubitsanın (3 batareya) tədarükünü nəzərdə tutan müqavilə imzalanıb. Banqladeşə tədarük edilən bütün özüyeriyən haubitsalar ərazidə öz mövqeyini və hədəf təyinatını avtonom müəyyən etmək üçün quraşdırılmış “Sigma-30” (Fransa, “Sagem” şirkəti) naviqasiya və hədəf təyinetmə sisteminin olması ilə fərqlənir.

155 mm çaplı NORA-B52 özüyeriyən haubitsası hazırda Serbiya (24 ədəd) ilə yanaşı Myanma (36 ədəd), Keniya (30 ədəd), Banqladeş (24 ədəd) və Kipr (24 ədəd) ordularında da silahlanmadadır. Açıq mənbələrin məlumatına əsasən, Azərbaycan Respublikası 2023-cü ildə “Yugoimport SDPR” şirkətinə 48 ədəd 155 mm çaplı NORA-B52 özüyeriyən haubitsasını sifariş edib.

Özüyeriyən haubitsanın müasir nümunələrinin təchizatı

NORA-B52 özüyeriyən haubitsasının müasir versiyaları heyəti və əsas komponentləri mərmi qəlpələrindən, minalardan və bütün növ atıcı silahların güllələrindən qoruyan mühafizə ilə təchiz olunub. Bu gün NORA-B52 özüyeriyən haubitsası Asiya və Afrika ölkələrinə fəal şəkildə ixrac olunur.

558385701İndi Serbiya haubitsalarının ən müasir versiyaları NORA-B52 M21, NORA-B52 K21 və NORA-B52 NG indeksini daşıyır. Olduqca unikal NORA-B52 M21 (K21) özüyeriyən haubitsasının ilk nümunəsi 2003-cü ildə yığılıb. O, Yuqoslaviya istehsalı 8×8 təkər formullu FAP-2832 (Fabrika automobila Priboy) yolsuzluq avtomobilinin şassisinə quraşdırılmış və 155 mm-lik bir topla təchiz edilmişdir. Özüyeriyən haubitsanın növbəti seriya versiyası bir sıra təkmilləşdirmələrə malikdir və eyni 8×8 təkər formullu KamAZ-63501 (Rusiya, “Kama Avtomobil Zavodu – KamAZ”) şassisinə əsaslanır. Bu versiya NORA-B52 K21 olaraq tanınır. Daha sonra özüyeriyən haubitsa 8×8 təkər formullu MAN TGS (Almaniya, “MAN SE”) avtomobil şassisində istehsal edilmişdir. Bu versiya isə öz növbəsində NORA-B52 M21 olaraq tanınır.

Yüksək keçidlik qabiliyyətinə malik şassi ənənəvi yarımelliptik ressor asqı ilə təchiz edilib. Özüyeriyən haubitsa sürücüyə relyefdən asılı olaraq təkər təzyiqini müstəqil tənzimləməyə imkan verən mərkəzləşdirilmiş təkər şişirmə sistemi və gücləndiricili sükanla təchiz edilib. Şassi idarəetmə kabinəsinin arxasına qaynaqlanmış polad çərçivə ilə daha da gücləndirilib. Silah sistemi və əlaqəli avadanlıq bu polad çərçivəyə quraşdırılıb.

Serbiyalı konstruktorların NATO standartlı 155 mm-lik çapı qəbul etdiyini görmək asandır. 155 mm-lik top-haubitsa şassinin arxa hissəsində yerləşən fırlanan platformaya quraşdırılır və yığılmış vəziyyətdə avtomobilin irəli istiqaməti boyunca yerində kilidlənir. Tuşlayıcı müvafiq düyməni sıxaraq silah lüləsini buraxa bilir, bundan sonra əl manipulyatorundan istifadə edərək silah yuxarı qaldırılır. Silah lüləsi lüləağzı əyləclə təchiz edilib. İlk variantlarda termal örtük və ya qazçıxarma qurğusu yox idi. Silahın sola və sağa azimut üzrə dönmə bucağı 30 dərəcə, hündürlük üzrə tənzimlənməsi isə -5 ilə +65 dərəcə arasındadır. Üfiqi müstəvidə döndərmə və şaquli müstəvidə hərəkət hidravlik sistem sayəsində yerinə yetirilir.

Döyüş vəziyyətinə açıldıqda, özüyeriyən haubitsa adətən arxaya çevrilir və dörd elektrohidravlik teleskopik stabilizator tərəfindən sabitləşir. Fövqəladə hallarda, silah avtomobil hərəkət edərkən də atəş aça bilir. İstehsalçının məlumatına görə, artilleriya sisteminin döyüşə hazır vəziyyətə gətirilməsi heyətə təxminən 60 saniyə vaxtını lazımdır və yürüş vəziyyətinə keçərkən mövqeyi dəyişmək üçün tam eyni vaxt tələb olunur.

Artilleriya qurğusunun maksimal atəş tezliyi versiyadan asılı olaraq dəqiqədə 6-12 mərmi təşkil edir. İlk üç atış ilk 20 saniyə ərzində atılır. Bu yüksək atəş sürəti avtomatik doldurucunun istifadəsi ilə əldə edilir. Qurğunun daşınan döyüş dəsti müxtəlif növ 36 atəş yığımından ibarətdir.

NORA-B52 özüyeriyən haubitsanın tərkibinə artilleriya atəşinə idarəetmə və komanda sistemi (Artillery Fire Control and Command System – AFCCS) daxildir. Bu sistem ön müşahidə zabitləri və müxtəlif hədəf əldəetmə sistemləri ilə davamlı əlaqəni təmin edir. NORA-B52 döyüş maşınının təchiz edildiyi əlavə sistemlərə lazer məsafəölçən və elektron bucaqölçən, həmçinin GPS cihazları və batareyanın komanda məntəqəsinə məlumat ötürə bilən rabitə sistemi daxildir. Bu, öz növbəsində, məlumatların ötürülməsi üçün VHF radiosu və quraşdırılmış internet modemli GPS qəbuledicisi olan özüyeriyən silahın komandir kabinasında quraşdırılmış displey bloklarında hədəf məlumatının göstərilməsinə imkan verir.

Özüyeriyən haubitsanın yüksək səmərəliliyi

PSSNORA-B52 təkərli özüyeriyən haubitsanın yüksək səmərəliliyi aşağıdakı praktiki icra xüsusiyyətləri sayəsində əldə edilmişdir:

– özüyeriyən qurğunun əsas silahı 25 litrlik yanma kamoralı və ikili lüləağzı əyləci olan 155 mm çaplı 52 çap lülə uzunluqlu top-haubitsadır. Yanma kamorası özüdoldurma prinsipindən istifadə etməklə hazırlanıb və fırlanan kapsul daşıyıcısı ilə birləşdirilib. Bu silah Qərbi Avropa hərbi tələblərinə uyğun olaraq modul atımları tətbiqi üçün nəzərdə tutulub;

– özüyeriyən haubitsanın maksimal atəş məsafəsi 41 km-dir ki, bu da ERFB BB (Extended Range Full Bore – Base Bleed) aktiv-reaktiv sursatın istifadəsi ilə əldə edilir;

– özüyeriyən haubitsanın şossedə maksimal hərəkət sürəti 80-100 km/saat, yolsuzluq şəraitində maksimal hərəkət sürəti isə relyef şəraitindən asılı olaraq 15-40 km/saatdır. Özüyeriyən haubitsa həmçinin kiçik maneələri və su maneələrini dəf etməyə qadirdir. 80 km/saat sürətlə onun gediş ehtiyatı 800 km-dir;

– əldə edilmiş yüksək taktiki hərəkətlilik göstəriciləri atəş mövqelərini tez tutmağa və dəyişdirməyə imkan verir.

– qurğunun kütləsi 28,4 tona qədərdir ki, bu da onu dəmir yolu və dəniz, həmçinin İl-76 hərbi nəqliyyat təyyarələri ilə daşımağa imkan verir;

– özüyeriyən haubitsanın hidravlik geri təpməni azaltma sisteminə inteqrasiya olunmuş amortizatorları olan dördbucaqlı hidravlik qurğular daxildir və avtomobilin bortunda yerləşən idarəetmə panelindən idarə oluna bilir. İstehsalçının saytına görə, yürüş vəziyyətindən döyüş vəziyyətinə keçid 60 saniyədən az vaxt aparır;

– tətbiq olunan avtomatik doldurma sistemi atəş tezliyini artırmağa imkan verir, qurğunun heyətinin fiziki gərginliyini azaldır, atəş tezliyi dəqiqədə ən azı 6-12 atış təşkil edir və qurğunun daşınan döyüş dəsti 36 mərmidən ibarətdir;

– atəşi idarəetmə sistemi müasir informasiya texnologiyalarından və xüsusi hazırlanmış proqram təminatından istifadə etməklə hazırlanıb. Bu sistem digər bölmələrlə daimi əlaqə saxlamağa, mövcud məlumat mübadiləsinə və tapşırığın yerinə yetirilməsi vaxtını minimuma endirməyə imkan verir;

– lülənin qalxma bucağı -5 ilə +65 dərəcə arasında dəyişir, maksimal qalxma sürəti 20 mm/saniyə təşkil edir. 100 mm/saniyə keçid sürəti ilə üfüqi dönmə bucağı 60 dərəcədir. Silahın müxtəlif müstəvilərdə hərəkəti elektrohidravlik sistem tərəfindən təmin edilir;

– özüyeriyən haubitsanını heyəti 3-5 nəfərdən ibarətdir.

Özüyeriyən haubitsanın əsas üstünlükləri

PSSNORA-B52 özüyeriyən haubitsasının üstün taktiki-texniki xüsusiyyətləri nisbətən aşağı istehsal dəyəri ilə artilleriya atəş gücünü əhəmiyyətli dərəcədə artırmaq üçün kiçik miqdarda istifadə etməyə imkan verir.

Mütəxəssislər bu özüyeriyən artilleriya qurğusunun bir neçə əsas üstünlüklərini vurğulayırlar:

– yüksək səviyyəli manevrlik və döyüş meydanının bir tərəfindən digər tərəfinə müstəqil hərəkət etmək bacarığı;

– aşkar edilmiş hədəflər, texnika və silahların vəziyyəti haqqında davamlı əlaqə saxlamaq və məlumat mübadiləsi aparmaq, həmçinin öz və müttəfiq bölmələrdən yeni məlumatlar almaq imkanı;

– mərminin yüksək ilkin uçuş sürəti;

– yüksək atəş tezliyi və atəş sıxlığı;

– haubitsanın tez bir zamanda yenidən doldurulması.

Özüyeriyən haubitsanın modifikasiyaları

NORA-B52 özüyeriyən haubitsası bir neçə dəfə modernləşdirilib. İlk versiyalarda Yuqoslaviya mühəndisləri lazımi zireh müdafiəsi olmayan yüksək mobil, yolsuzluq şəraiti üçün 8×8 şassi tətbiq etmişdilər. Çox güman ki, özüyeriyən haubitsanın potensial müştəriləri yaradıcıların diqqətini zirehdəki qüsura yönəltmiş və vəziyyət düzəlib. Nöqsan hazırda aradan qaldırılıb. Özüyeriyən haubitsanın heyəti kapotsuz quruluşa malik qorunan kabinada yerləşdirilib, onun arxasında silahın yerləşdiyi qorunan qüllə quraşdırılıb.

Artilleriya sistemi adətən silahın arxaya baxması və stabilizatorun ayaqlarını yerə endirilməsi ilə atəş açır.

Zirehin əlavə edilməsi NORA-B52 özüyeriyən haubitsasının digər təkərli özüyeriyən silahlarla yanaşı sıralanmasına imkan vermişdir. Söhbət onun müasir rəqiblərindən – Cənubi Afrikanın olan G6 “Rhino” və ya Çexiyanın “Dana M1 CZ” özüyeriyən haubitsalarından gedir.

NORA-B52 özüyeriyən haubitsasının yeni versiyalarında artıq tamhüquqlu zireh mövcuddur.

Bundan əlavə, yaradıcılar atəş tezliyini və dəqiqliyi artırıblar. “Yugoimport SDPR” şirkətinin nümayəndələrinin sözlərinə görə, şirkət NORA-B52 K21 özüyeriyən haubitsası vasitəsilə Yaxın Şərqdə bazar payını artırmağı planlaşdırır.

560258937NORA-B52 özüyeriyən haubitsalarının yeni nəsli, nəqliyyat platformasının bütün əsas komponentlərinə tam zireh mühafizəsinin əlavə edilməsi ilə əlaqədar olaraq, sələflərindən nəzərəçarpacaq dərəcədə fərqlənir ki, bu da özüyeriyən qurğunun görünüşünü dəyişib. Tam hüquqlu zireh mühafizəsinin tətbiqi, yaxınlıqda partlayan raket və mərmi qəlpələrinə məruz qaldıqda silahın və heyətin sağ qalma qabiliyyətini artırır. Bundan başqa, özüyeriyən haubitsanın zirehləri bütün atıcı silahların güllələrindən atəşə qarşı qorunma təmin edir və potensial pusqulardan müdafiəni artırır. Mühəndislər həmçinin avtomobilin həyati vacib hissələrində piyada əleyhinə və tank əleyhinə minalara, eləcə də əldəqayırma partlayıcı qurğulara qarşı müəyyən səviyyədə müqavimət göstərməyə nail olublar. Zirehin əlavə edilməsi avtomobilin çəkisini 34 tona qədər artırıb. Qurğunun ERFB mərmisi ilə atəş məsafəsi 32,5 km, ERFB BB mərmisi ilə 41,5 km və VLAP mərmisi ilə 52 km-dir.

O, həmçinin artilleriya sisteminin bütün alt sistemlərini – avtomatik sursat doldurma mexanizmini, şaquli və üfüqi tuşlama sistemini, tətik mexanizmini və sairəni enerji ilə təchiz etmək üçün seçim kimi sistemin istismar avtonomluğunu artıran köməkçi güc qurğusu (KGQ) quraşdırıla bilər.

Qeyd etmək lazımdır ki, müdafiə pulemyotları demək olar ki, bütün müasir təkərli özüyeriyən haubitsaların məcburi xüsusiyyətidir və NORA-B52 haubitsası da istisna deyil. Onun üzərində həm 7,62 mm, həm də iri çaplı 12,7 mm pulemyotlar quraşdırıla bilər. Təbii ki, yalnız müstəsna hallarda birbaşa atəş üçün istifadə edilə bilən təkərli özüyeriyən silahda hətta iri çaplı pulemyotun da həqiqi döyüş dəyəri olduqca nisbidir. Bununla belə, pulemyot silahlarının olması təxribatçı dəstələri dəf etmək şansı verir. Belə ki, NORA-B52 batareyasının altı 12,7 mm-lik pulemyotu, müdaxilə edənləri öz mövqelərindən dəf etməyə qadir olan əhəmiyyətli atəş gücü təmin edir.

Maşın həmçinin nüvə əleyhinə müdafiə – filtr-ventilyasiya qurğusu və hermetik heyət kabinası ilə təchiz edilib.

NORA-B52 özüyeriyən haubitsasının heyəti komandir, tuşlayıcı, sürücü və 2 heyət üzvü olmaqla 5 nəfərdən ibarətdir. Hərəkət, silahın idarə olunması və atəş zamanı bütün heyət avtomobili tərk etməyə ehtiyac olmadan kabinada yerləşir, əksər rəqib haubitsalar isə hətta əsas iş rejimində belə müəyyən dərəcədə əl ilə texniki qulluq tələb edir. Ekipaj üzvləri iş yerlərində və avtomatik doldurucu komponentlərinə xidmət göstərildiyi yerlərdə kəsintisiz əlaqəni təmin edən daxili danışıq bloku vasitəsilə əlaqə qurur. Bortda olan daxili danışız silah və batareya səviyyəli rabitə sisteminə inteqrasiya olunub.

NORA-B52 özüyeriyən haubitsası inteqrasiya olunmuş atəşi idarəetmə sisteminə malikdir ki, bu da batareya və divizion səviyyəsində atəşi idarəetmə sistemi ilə birlikdə silahdan səmərəli istifadə etməyə imkan verir.

Yeni NORA-B52 “Next Generation” (NG) əvvəlki NORA-B52 M21 ilə eyni döyüş dəstinə, yəni 36 mərmi və eyni sayda atım saxlasa da, NORA-B52 NG əhəmiyyətli fərqə malikdir, yəni yeni artilleriya silahı çeviklik və tapşırıq imkanları baxımından sıçrayış təmin edir. Haubitsa digər NORA versiyalarında olduğu kimi qalır və 32,5 km ERFB (Extended Range Full Bore), 41,5 km ERFB BB (ERFB Base Bleed) və 52 km VLAP (Velocity Enhanced Artillery Projectile) ilə atış məsafəsi təmin edir. NORA-B52 NG MRSI (Multiple Round Simultaneous Impact) rejimində 30 km-ə qədər məsafəyə üç mərmi ata bilir.

558999907Yeni haubitsa peyk (GPS, GLONASS, Galileo) naviqasiya ehtiyatlı inersial naviqasiya sistemi ilə təchiz edilib. Haubitsa dayandıqdan sonra, platformanı sabitləşdirən hidravlik dokratların aşağı salınması zərurəti ilə əlaqədar olaraq, ilk atışı atmağa hazır olmaq üçün 60 saniyə vaxt lazımdır.

Silah ±30° sağa və sola hərəkət edə bilər, qalxma bucağı -5° ilə +65° arasındadır və lazım olduqda bütün NORA B52 özüyeriyən haubitsaları kimi düzünə atəş üçün də istifadə edilə bilər.

NORA-B52 NG MAN 8×8 yük maşını şassisinə quraşdırılıb. Dörd nəfərlik heyət yük maşınının kabinasında yerləşir: ikisi öndə – sürücü və komandir, ikisi isə arxada – topçu və yükləyici. Doldurucu yalnız əl ilə doldurma tələb olunduqda və ya avtomatik doldurucunun doldurulması lazım olduqda fəaliyyət göstərir.

İstehsalçı şirkətin məlumatlarına görə, tam 30 atəş yığımının yenidən yüklənməsi 15-20 dəqiqə çəkir. Mərmilər və atımlar qüllənin hər tərəfindəki yan qapılar vasitəsilə yüklənir. Heyət kabinası 3-cü səviyyədə qorunur və minadan müdafiəsi də mövcuddur.

Növbəti modifikasiya olan “Aleksandar” özüyeriyən haubitsası NORA-B52 özüyeriyən haubitsasının Tatra 8×8 şassisi əsasında qurulmuş sonrakı inkişafıdır. Bu 155 mm-lik özüyeriyən haubitsa tam avtomatlaşdırılmış sursat doldurma sisteminə malikdir və ilk dəfə 2017-ci ildə “Partner-2017” beynəlxalq sərgisində geniş ictimaiyyətə təqdim edilib.

Qlobal bazarda müəyyən uğur qazanmış NORA-B52 özüyeriyən haubitsasının eyni 155 mm/52 yellənən hissəsindən istifadə edir. Artilleriya bölməsi zirehli kabinədən uzaqdan idarə olunur.

Haubitsanın maksimal atəş məsafəsi ERFB mərmi ilə 32,5 km (standart 23 l yanma kamoralı) və 37,5 km (uzadılmış 25 l yanma kamoralı), ERFB BB mərmi ilə 41 km (standart 23 l yanma kamoralı) və 49 km (uzadılmış 25 l yanma kamoralı), əlavə dib qaz generatoru ilə təkmilləşdirilmiş aerodinamik formalı VLAP aktiv-reaktiv mərmi ilə – 52 km (standart 23 l yanma kamoralı) və 62 km (uzadılmış 25 l yanma kamoralı) təşkil edir. “Aleksandar” MRSI (Multiple Round Simultaneous Impact) rejimində 25 km-ə qədər məsafəyə dörd mərmi ata bilir.

NORA-B52 özüyeriyən haubitsasının bütün versiyaları əsasən ABŞ Ordusu tərəfindən istifadə edilən və döyüşdə bütün quru, dəniz və hava hərbi bölmələrinin iştirak etdiyi “Şəbəkə Mərkəzli Müharibə” (Network-centric warfare) sisteminin əsas komponentləri ilə təchiz olunub. Bura ilk növbədə, dost qüvvələrin aşkarlanmasına, döyüş simulyasiyasına və daha sürətli rabitəyə imkan verən çoxsaylı sensorlar və radarlar daxildir.

PSS

Əhəd Vahidoğlu

Seçilən
11
poliqon.az

1Mənbələr