AZ

Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsində – Tənzilə Rüstəmxanlı yazır

Həyata keçirilən uğurlu daxili və xarici siyasi strategiyanın, bütün sahələr üzrə aparılan davamlı islahatların və atılan cəsarətli addımların nəticəsidir ki, artıq Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən biridir və regional proseslərin önündə gəlir. Həmçinin dünyanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələr, iqtisadi qüdrəti, misilsiz logistik imkanları, eyni zamanda, formalaşdırdığı yeni reallıqlar fonunda bölgəyə gətirdiyi sülh və təhlükəsizlik, regional əməkdaşlığın inkişafına təkan verən təşəbbüsləri ölkəmizə bu statusu qazanmağa imkan verib. Həm də Azərbaycan dünyada tam güvənilən, atdığı hər bir imzasına dəyər verən etibarlı tərəfdaş kimi tanınır.

Tənzilə
Yaxın tarixdir ki, uzun illər Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prioritet təşkil edib və ölkəmiz bu istiqamətdə səsini dünyaya çatdırmaq üçün səylə çalışıb. Həmin dönəmlərdə ədalətli mövqe tutan, Azərbaycanın haqq işinə dəstək verən ölkələrdən biri də İtaliya olub.

Hələ 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyev İtaliyaya ilk rəsmi səfəri zamanı bu ölkənin prezidenti və digər rəsmiləri birmənalı şəkildə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan etmişdilər. Bu yanaşma, həqiqətən də, həmin həssas dönəmdə Azərbaycan üçün xeyli önəmli idi.

Bu səfər çərçivəsində keçirdiyi rəsmi görüşlər və imzalanan sənədlər ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlığa təkan verdi, əlaqələrimiz yüksələn xətlə daha sürətlə inkişaf etməyə başladı.

2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, 2020 , 2022 və 2024-ci illərdə dövlətimizin başçısı İlham Əliyevin Romaya səfərləri əlaqələrimizin dinamik inkişafına müsbət təsir göstərib və münasibətlərimiz daha sıx xarakter almağa başlayıb.

Sözsüz ki, İtaliya-Azərbaycan əlaqələrindən söz düşmüşkən enerji sahəsində əməkdaşlıq xüsusi vurğulanmalıdır. Çünki Azərbaycan bu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Belə ki, İtaliya xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşımızdır. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir.

TAP və TANAP üzərindən həyata keçirilən ixrac, münasibətlərimizin inkişafına, iqtisadi əlaqələrin səmərəli şəkildə artmasına böyük töhfə verir. Hazırda İtaliyanın Azərbaycanda 100-dən artıq şirkəti fəaliyyət göstərir. Onlar tikinti, sənaye, kənd təsərrüfatı, enerji və digər sahələrdə çalışır, ölkəmizin iqtisadiyyatına sərmayələr yatırırlar. Bu əməkdaşlıq təhsil və mədəniyyət müstəvisində də özünü göstərir.

İki ölkə arasında mədəni əlaqələrimizin səviyyəsi də günü-gündən genişlənir. Bakı şəhərində və Qarabağda tarixi abidələrin, mədəni irsimizin bərpasında italyan mütəxəssislər yaxından iştirak edirlər. Azərbaycanlı tələbələr İtaliya universitetlərində təhsil alırlar. İtaliya prezidentinin son səfəri zamanı isə Bakıda İtaliya-Azərbaycan Universitetinin açılışı baş tutdu.

İtaliya üçün Azərbaycan həm dost ölkə, həm də Cənubi Qafqazda və bütövlükdə bölgədə əhəmiyyətli tərəfdaş rolunu oynayır. İtaliya Prezidentinin səfəri bir daha Azərbaycanın güclü mövqeyini və artan beynəlxalq nüfuzunu sübut etdi.

Seçilən
8
2
veteninfo.az

3Mənbələr