Şotlandiyanın “Reyncers” klubu baş məşqçi Rassell Martini istefaya göndərdiyini elan edib.
Msport.az xəbər verir ki, Qlazqo təmsilçisinin rəsmi açıqlamasında qeyd olunub ki, Martin və onun məşqçi heyəti klubda çox çalışsalar da, nəticələr gözləntiləri qarşılamayıb:
“Rassell və onun komandası böyük səylə işləyib. Keçid dövrü vaxt tələb edir, lakin əldə olunan nəticələr gözlənilən səviyyədə deyil”.
Rassell Martin “Reyncers”ə bu ilin 5 iyunda baş məşqçi təyin edilmişdi. Komanda Şotlandiya çempionatının 7 turundan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb.
Avropa Liqasının qrup mərhələsində isə “Reyncers” hər iki matçda məğlub olub (Genk”ə 0:1, “Şturm”a isə 1:2 hesabı ilə). Klub bundan əvvəl Çempionlar Liqasının pley-off mərhələsində “Bryügge”yə məğlub olaraq (1:3, 0:6) qrup mərhələsinə yüksələ bilməmişdi.