AZ

Türk Dövlətləri Təşkilatı qlobal gücə doğru inamla addımlayır ANALİTİKA

XXI əsrin siyasi coğrafiyası yeni güc mərkəzlərinin formalaşması və regional ittifaqların qlobal sistemdə çəkisini artırması ilə xarakterizə olunur. Bu reallıq fonunda Türk Dövlətləri Təşkilatı (TDT) yalnız ortaq etnik və mədəni köklərə əsaslanan birlik modeli deyil, həm də siyasi suverenliklərin sinxronlaşdırıldığı, iqtisadi sinerji yaradıldığı və ortaq təhlükəsizlik müstəvisində strateji koordinasiyanın qurulduğu çoxölçülü platforma kimi ön plana çıxır. Bu təşkilat artıq yalnız mədəni birliyi deyil, həm də qlobal geosiyasi aktor kimi formalaşmaqda olan strateji müttəfiqlik modelini ifadə edir.

AZƏRTAC bu məqalədə Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin geosiyasi əhəmiyyətini, regional və qlobal təhlükəsizlik arxitekturasında tutduğu strateji mövqeyi, Azərbaycanın təşkilat daxilində təşəbbüskar və qurucu lider kimi rolunu, həmçinin TDT-nin gələcək inkişaf trayektoriyasını çoxşaxəli şəkildə araşdırıb və analitik müstəvidə dəyərləndirib.

TDT-nin XII Zirvə Görüşü: strateji geosiyasi hadisə

Oktyabrın 6-7-də Azərbaycanın Qəbələ şəhərində baş tutacaq Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusunda keçiriləcək. Bu Zirvə Görüşü yalnız formal protokol tədbiri deyil, həm də Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən ediləcəyi tarixi hadisə olacaq. Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər. Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə Görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək. Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olacaq.

Zirvə çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikitərəfli görüşləri nəzərdə tutulur, rəsmi proqram üzrə isə TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Bu, yalnız protokol xarakterli görüşlər deyil, eyni zamanda, yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi və Türk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün mühüm imkan olacaq.

TDT-nin inkişaf dinamikası və artan funksional rolu

TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Bildiyimiz kimi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub, sonradan Özbəkistan 2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.

Son illərdə TDT-nin sürətli genişlənməsi onu ənənəvi regional birliklərdən fərqləndirir. Artıq gündəlikdə təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də yer alır.

Türk birliyinin strateji arxitektoru və lokomotiv gücü - Azərbaycan

Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Prezident bu sözləri 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya göstərmiş oldu.

Təşkilatın digər üzvləri də təsdiq edirlər ki, Azərbaycan bu birlikdə lokomotiv funksiyasını yerinə yetirir. Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib.

Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident həmin Zirvə zamanı bəyan etmişdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu bəyanat türk dövlətlərinin qarşısında yalnız regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu.

Həmçinin 2024-cü ilin noyabrında Bişkekdə keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin mayında Budapeştdə baş tutan qeyri-rəsmi Zirvə də təşkilatın dinamik inkişafına mühüm töhfə verib. Budapeşt görüşü əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.

Azərbaycan, həmçinin 30 illik işğaldan azad olunmuş ərazilərində qardaş ölkələrlə birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə bu həmrəyliyi konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyi ilə həmin ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Prezident İlham Əliyev Bişkek Zirvəsində bu töhfələrə görə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstana təşəkkürünü bildirib.

Seçilən
10
13
aznews.az

10Mənbələr